news Image
2012.07.14
19:07
| A A A
Dövlət Agentliyi yaradıldı
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

 Sənəddə qeyd olunur ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılır.

 Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.

 Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzləri yaradılır. Həmin mərkəzlərdə xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək, fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik kursları təşkil olunacaq, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin həyata keçiriləcək.

 Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, "ASAN xidmət" mərkəzlərinin nümunəvi əsasnaməsinin layihəsini və xidmət mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin növləri barədə təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

 Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli 2187 nömrəli Sərəncamı ləğv edilir.

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və "ASAN xidmət" mərkəzlərini bina və zəruri avadanlıqla təmin etməsi, Agentliyin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etməsi, və bu Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs