Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan "Şərq tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycanın nümunəsi" adlı hesabatı Avropa Parlamentindən sonra Fransa Senatında da təqdimatı olub.
Movqe.az Azərtac-a istinadən xəbər verir ki , şuradan verilən
məlumata görə, fransalı senator Eymeri de Monteskye Azərbaycanda
qadın hüquqlarının müdafiəsi üçün görülən işlərdən danışıb.
Dəfələrlə Azərbaycanda olduğunu deyən senator ölkəmizdə qadın
hüquqlarının necə nəzərə alınmasının şəxsən şahidi olduğunu deyib.
Bütün dünyada qadınların maariflənməsinin və təhsil almasının
vacibliyini bildirən senator Azərbaycanın bu sahədə nailiyyətlər
qazandığını vurğulayıb.
Qadın hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti
xanım Anni Süjye Azərbaycanda qadın hüquqları ilə bağlı hesabatı
hazırlamağın səbəbindən danışaraq deyib: "Bu hesabatı hazırlamaq
ideyası iki səbəbdən yarandı: əhalinin əksəriyyətini müsəlmanların
təşkil etdiyi ölkənin dünyəvi ölkə olması və qadın hüquqlarına
Azərbaycanda xüsusi önəm verilməsi. Tez-tez iqtisadiyyatdan, insan
hüquqlarından və demokratiyadan danışılarkən qadın hüquqları
unudulur. Qadın və kişi arasında bərabərlik olmadan demokratiya və
insan hüquqlarından söhbət gedə bilməz. Müasir ölkə olmaq üçün bu,
vacib şərtdir. Azərbaycan bu baxımdan bir çox ölkələrə nümunə ola
bilər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik
etdiyi qurumun fəaliyyəti, Azərbaycanın siyasi, iqtisadi, mədəni,
sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb.
Azərbaycan-Fransa əlaqələrinə toxunan A.Quliyev iki ölkə arasında
münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, Heydər Əliyev
Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsində aparılan bərpa
işlərini, Luvr muzeyində İslam incəsənəti departamentinin
yaradılmasına Azərbaycanın verdiyi töhfəni və Bakıda Fransız
Liseyinin inşasını qeyd edib.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Şura sədri bu problemin 20
ildən çox davam etməsinin region üçün ciddi təhlükə yaratdığını
qeyd edib. Şura sədri BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə
bağlı qəbul etdiyi 4 qətnamənin tezliklə icra edilməsi üçün qurumun
daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanı daha
çox səy göstərməyə çağırıb.
A.Quliyev Fransa Milli Assambleyasının və Senatının 10-dan çox
üzvünün Dağlıq Qarabağa qanunsuz səfər etməsinin Azərbaycanda ciddi
narahatlıq yaratdığını və bunun yolverilməz olduğunu bildirib.
Daha sonra hesabatın müəlliflərindən biri, ərəb ölkələrində qadın
hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert
Patrisia Lalond hesabat haqqında iştirakçılara məlumat verib. Bu
ilin əvvəlində Azərbaycanda olarkən Qəbələ Regional QHT-lərin
Resurs və Təlim Mərkəzinə baş çəkdiyini deyən P.Lalond bu cür
mərkəzlərin gələcəkdə Azərbaycanın digər rayonlarında da
açılmasının önəmini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova çıxış edərək Azərbaycan Prezidentinin müvafiq
sərəncamları əsasında ölkədə qadın hüquqlarının təbliği və
müdafiəsi ilə məşğul olan qurumun yaradıldığını diqqətə çatdırıb.
H.Hüseynova Azərbaycanın beynəlxalq konvensiya və sənədləri
ratifikasiya etməsinin, ölkənin üzərinə götürdüyü öhdəliklərin
gender bərabərliyinə nail olunmasına kömək etdiyini deyib.
Azərbaycan Prezidentinin qadın problemlərinin həlli üçün göstərdiyi
qayğıdan, son illərdə ölkədə artan qadın sahibkarlığından,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə məişət
zorakılığına qarşı mübarizə, nikah yaşının 18-ə qaldırılması ilə
bağlı qəbul olunan qanunlardan danışan H.Hüseynova bu istiqamətdə
həyata keçirilən dövlət proqramlarını qeyd edib, qadınların
bələdiyyələrdə, parlamentdə sayının artığını diqqətə çatdırıb.
Müzakirələrdə iştirak edən Milli Məclisin deputatı Məlahət
İbrahimqızı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş qadınların
keçirdiyi mənəvi və maddi məhrumiyyətlərdən danışıb və təklif edib
ki, onların vəziyyəti ilə əlaqədar gələcəkdə ayrıca bir hesabat
hazırlansın.