news Image
2014.09.13
21:00
| A A A
“ABŞ prezidenti İraqı axmaqca işğal etməsəydi”

ABŞ mətbuatı Prezident Barak Obamanın İŞİD-ə qarşı mübarizəsinə ümumilikdə dəstək versə də, planda risklərin və çatışmazlıqların olduğunu qeyd edir.

Movqe.az axar.az-a istinadən bildirir ki, "Vaşinqton Post" qəzeti "Yarımçıq parça" başlıqlı yazıda Obama strategiyasının yalnız hava hücumları ilə kifayətlənməyəcəyini yazır.

"Yalnız terrorçuların öldürülməsi ilə kifayətlənməyəcəyik. Həm İraq, həm də Suriyada polis, məhkəmə, təhsil və sənaye sahələrində təşkilatlanmanı təmin etmək üçün kömək etmək lazımdır. Əgər belə olmasa, ABŞ bölgədən çəkildikdən sonra terrorçular yenidən ortaya çıxa bilər. İraqdakı kimi…"

Yazıda bölgədə davamlı olaraq beynəlxalq qüvvələrin yerləşdirilməsi təklif olunur:

"Plana görə, əraziyə 475 hərbçi göndərilsə də, bu kifayət deyil. Davamlı, uzun müddətli bir öhdəlik işğal və geri çəkilmə qarşılığında daha yaxşı nəticə verər".

Obamanın İŞİD strategiyası fonunda Yəmən və Somalidəki terrorla mübarizə səylərinin gücləndirilməsi tənqid olunan yazıda bu ölkələrin uğursuzluğu qənaətinə gəlinir:

"Somalinin bütün səylərinə baxmayaraq, uğursuz dövlətdir. Yəməndə danışıqlar baş tuta bilər. Əgər bu regionda sabitlik bərpa olunmasa ABŞ qüvvələri sonsuzadək burada qala bilməz. Bu, ağılsızlıq olardı".

Yazıda ABŞ-ın ən böyük üstünlüyünün Səudiyyə Ərəbistanı, Türkiyə, İran kimi dövlətlərlə ortaq düşməninin olması göstərilir. Planın böyük hissəsinin Suriya ilə bağlı olduğuna diqqət çəkilən müxaliflərin iddiasına görə, terrorçuların boşaltdıqları əraziləri ABŞ doldura bilməyəcək və buna görə də məcburi olaraq əlavə canlı qüvvə yeridəcək.

"Taym" jurnalı isə Obamanın planının uğuruna mane olacaq ən böyük qüvvənin imperializm tarixi olduğunu yazır.

"Buşun İraqı axmaqca işğalı və buna görə də cihad tərəfdarlarının bir-birləri ilə ünsiyyətinin artması indi Suriya və İraq arasındakı sərhədin yox olmasına gətirib çıxarıb. 98 il əvvəl Yaxın Şərqdə qərblilərin yaratdığı və düz xətt boyunca çəkilən sərhədlərin bu gün dəyişmə ehtimalı var. Bu, Prezident Obamanın planı baxımından ən kritik problemdir".

Bu vəziyyətin bölgədə gerçək sərhədləri olan ölkələr qurulana qədər davam edəcəyi iddia edilən yazıda danışıqlar önə çəkilir:

"O zamana qədər də bizim vəzifəmiz realist olmaq, ölkəmizin təhlükəsizlik maraqlarını qorumaq və əgər mümkünsə, uzunmüddətli bir sülh yaratmaq üçün diplomatik cəhdlər etmək, iqtisadi yardımlar göstərməkdir".

"Nyu York Tayms" qəzeti isə İŞİD-ə qarşı mübarizə ilə nəhayət ki, Obamanın qlobal problemlərin həllində özünü göstərmək şansının ortaya çıxdığını yazıb. Qəzet terrorçuların məhv edilməsini fərqli bir ölçüdə göstərərək ABŞ-ın daha konkret olmasını tələb edib.

Yazıda ölkə daxilində Pentaqonun İŞİD-ə qarşı döyüşlərə hazırlaşdığı bir vaxtda Konqres üzvlərinin ara seçkilər səbəbi ilə İŞİD-lə mübarizədə dəstək verməkdən imtina etmələri və ya bitərəf qalmaları qorxaqlıq olduğu qeyd olunur.