news Image
2014.09.16
15:28
| A A A
Azərbaycanda şəxsin bir və ya bir neçə partiyaya il ərzində verə biləcəyi ianələrin yuxarı həddi müəyyənləşdirilir

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial siyasət komitəsi ilə bu gün keçirilən birgə iclasında "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Qanunun 12-1.1.2-ci maddəsinə edilən dəyişikliyə əsasən "hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına" sözləri "bu qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1 maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına" sözləri ilə əvəz edilir.

 

Bundan başqa, qanuna yeni 18-1. maddəsi də əlavə olunur. Yeni maddəyə görə, üzvlük haqqı siyasi partiya üzvləri tərəfindən pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləği siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab edilir.

 

Daha bir əlavə edilən 19.7-ci maddədə isə deyilir ki, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min (on min) manatdan yuxarı ola bilməz.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.