Əlaqə Arxiv
news Image
2014.09.16
16:51
| A A A
«Həyat» Beynəlxalq Humanitar Təşkilatı 20 illik yubileyini qeyd etdi

"Həyat" Beynəlxalq Humanitar Təşkilatının 20 illik yubiley tədbiri keçirildi. Tədbirdə təşkilatın əməkdaşları ilə yanaşı Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının, "ADA" Universitetinin rəsmi nümayəndələri də iştirak etdi.

Tədbiri giriş sözü ilə "Həyat" Təşkilatının sədri Azər Allahverənov açdı. Qonaqları salamladıqdan və iştirak etdikləri üçün təşəkkürünü bildirdikdən sonra təşkilatın yarandığı vaxtdan etibarən həyata keçirdiyi fəaliyyətlərə nəzər saldı və qeyd etdi ki, "Həyat" Beynəlxalq Humanitar Təşkilatı 1993-cü ilin may ayında təsis edilmiş, 1994-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Təşkilatın yaradılmasının əsas səbəbi 1993-94-cü illərdə Azərbaycanda geniş vüsət alan humanitar böhran olmuşdur. Məhz həmin illər Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi təqribən bir milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsinə, humanitar sahədə fəlakətli vəziyyətin yaranmasına səbəb olmuşdur. "Həyat" təşkilatı bu böhrana dərhal humanitar yardım göstərməklə cavab verdi. BMTQAK, Dünya Ərzaq Proqramı, Uşaqları Qoruyun, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Şəfqət Korpusu kimi müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən yardım proqramları Azərbaycanda yaşayan yüz minlərlə aztəminatlı təbəqələrdən olan insanlara fayda gətirdi. "Həyat" təşkilatı 20 ildən artıq olan fəaliyyəti ərzində Azərbaycanın əksər rayonlarında müvəqqəti məskunlaşan 270 min qaçqın və məcburi köçkünə ərzaq yardımı göstərmiş, 179 min nəfərə ən zəruri mallar (paltar, ev əşyaları) paylamış, 140 min sığınacaq tikmiş, 70-dən artıq ictimai bina bərpa etmiş, 7 min ailəyə kənd təsərrüfatı üçün toxum paylamış, minlərlə qaçqın və məcburi köçkün ailələri üçün gəlir gətirən sahələr yaratmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli yaradılmasında təşəbbüskarı olduğu "Həyat" Təşkilatının missiyası barədə danışdı və bildirdi ki, ilk gündən təşkilatın missiyası Azərbaycan əhalisinin ən zəif təbəqələrini-qaçqın və məcburi köçkünləri, müharibədən zərər çəkənləri, deportasiya olunmuş insanları, kimsəsiz uşaqları və digərlərini daim müdafiə etmək, onların psixoloji və iqtisadi reabilitasiyası üçün imkanların yaradılmasından ibarət olmuşdur. Lakin bu mərhələdən sonra "Həyat" təşkilatı daim insanların gəlir gətirmə təşəbbüslərinə yardım göstərməyə başlamışdır. Bu məqsədlə "Həyat" təşkilatı 90-cı illərin ortalarından başlayaraq humanitar proqramlarından tədricən layihə iştirakçılarının psixoloji və iqtisadi stabilliyini təmin edə biləcək uzun müddətli inkişaf proqramlarını həyata keçirmək istiqamətini götürmüşdür. Qeyd olundu ki, "Həyat" Təşkilatının ötən 20 il ərzində gördüyü işlər həm ictimai, həm də sosial-mənəvi baxımdan ölkəmizin QHT sektoru üçün bir örnək olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov "Həyat" Təşkilatının müstəqil Azərbaycanın ilk QHT-lərdən biri, ölkədə ictimai fəaliyyətin yeni səhifələrini yaradan ictimai təşkilat olduğunu qeyd etdi. Q.Sadıqov eyni zamanda vurğuladı ki, bu gün "Həyat" Təşkilatı regionda yaxşı tanınan, öncül milli qeyri-hökumət təşkilatıdır. Beynəlxalq miqyasda ictimai sektorun qazandığı təcrübənin Azərbaycana gətirilməsində, eləcə də Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında təşkilatın böyük xidmətləri var.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov qeyd etdi ki, "Həyat" Təşkilatı BMT QAK-la birgə qaçqın və məcburi köçkünlərin sosial-məişət qayğılarının qarşılanması, eləcə də Azərbaycanda sığınacaq axtaran əcnəbilərlə bağlı həyata keçirdiyi uzunmüddətli layihələr regionda böyük humanitar fəaliyyətin mühüm bir sahəsi olaraq öz səmərəsini vermişdir. Təşkilatın Dövlət Dəstək Şurasının və başqa donorların dəstəyi ilə reallaşdırdığı ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması, yol təhlükəsizliyi, gənclərin peşə hazırlığının artırılması, erkən nikahlara qarşı mübarizə və digər layihələr ölkədə ümumi maarifçilik fəaliyyətinin inkişafına təkan vermişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və məskunlaşma, miqrasiya, məşğuluq və status şöbəsinin müdiri Sənan Hüseynov, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Cəlil Sahibzadə, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə və digər iştirakçılar "Həyat" Təşkilatının əməkdaşlarını 20 illik yubiley münasibətilə təbrik etdi, təşkilatın gələcək işlərində yeni-yeni nailiyyətlər arzuladılar.

Sizin Reklam Yeriniz