news Image
2014.09.16
17:39
| A A A
Dəfn xərcləri dövlət tərəfindən ödənilə bilər - Milli Məclisdən TƏKLİF

"Milli Məclisin sentyabrın 30-da baş tutan açılış sessiyasında dəfn işinin təşkili ilə bağlı təklif müzakirəyə çıxarılacaq". Bunu açıqlamasında təklifin müəllifi, Milli Məclisin Sosial Siyasət Komissiyasının üzvü Musa Quliyev deyib. M. Quliyev bildirib ki, bu gün Azərbaycanda qəbirstanlıqların statusunda qeyri-müəyyənlik var: "Bələdiyyə, dövlət qəbirstanlıqlarının hər hansı bir statusu və ya özəl qəbirstanlıqlar olmalıdır, ya yox, kimi suallara aydınlıq gətirilməlidir. Bu qəbirstanlıqlarda dəfn işinin təşkili kimin tərəfindən həyata keçirilməsini də müəyyənləşdirmək lazımdır. Dəfn işinin təşkilinin pullu olması və ya hökumətin vəsaiti hesabına həyata keçirilməsi, hətta qəbir daşlarının standart formada hazırlanması sualına da cavab tapılmalıdır. Biz istəyirik ki, dünyasını dəyişmiş insanlar arasında da bərabərlik olsun. Bu həm də mənəviyyat məsələsidir. Dünyadan köçən insanın insan olduğunu göstərən bir nişanədir. Yoxsa onun qəbir daşı - varlı, vəzifəli, yaxudakı bu dünyadakı mərhumun ailəsinin maddi statusu ilə bağlı olmalı deyil. Eyni zamanda böyük şəhərlərdə köhnə qəbirstanlıqlar tamamilə dolub və onlardan istifadə eləmək mümkün deyil. Amma şəhərin kənarlarında hansı ərazidə ola bilməsi, onun relyef qurluşu, subasmaya, sürüşməyə təhlükəsinin olub-olmaması müəyyənləşdirilməlidir. Düşünürəm ki, bütün bunlara hüquqi əsaslarla aydınlıq gətirilməlidir".

Millət vəkili Rusiya təcrübəsini misal gətirərək, dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinin də təkliflər sırasında olduğunu qeyd edib: "Məsələn Rusiyada belədir ki, müraciət edilən andan etibarən 24 saat ərzində mərhumun ailəsinə dəfn üçün yer göstərilməlidir və dəfnin xərci də çox zaman bələdiyyə və ya dövlət tərəfindən həyata keçirilir. Biz bu təklifimizdə dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinə də yer vermişik".

Sosial Siyasət Komissiyasının üzvü Milli Məclis siyasi iradə göstərməsini və bu təklifə müsbət yanaşmasını da xüsusi vurğulayıb: "Yoxsa indi mən müxtəlif təkliflər söyləyəcəm, amma Milli Məclis də deyəcək ki, buna ehtiyac yoxdur, çünki Nazirlər Kabineti bir qərarı ilə bu iş tənzimlənə bilər. Bu zaman mənim təkliflərimin bir əhəmiyyəti olmayacaq. Amma qanun elə bir sənəddir ki, həm dövlətin bütün strukturları, icra orqanları tərəfindən qeyd-şərtsiz, həm də əhalinin bütün kateqoriyası tərəfindən əməl olunur. Amma mən bildiyimə görə, Dini Qurumlar üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti belə bir təkliflər hazırlayıb. Ola bilsin ki, Nazirlər Kabineti bu təkliflər əsasında dəfn işinin təşkili ilə bağlı bir əsasnamə qəbul oluna bilər. Amma hər halda bir hüquqi sənədin olması çox maraqlıdır".