news Image
2014.09.18
20:31
| A A A
Əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində keçirilən əmək yarmarkaları sentyabrın 17-də Salyan rayonunda davam etdirilib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a daxil olan məlumata görə, aktiv məşğulluq tədbirində 15-i qeyri-dövlət sektoruna aid 41 müəssisə tərəfindən 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib.

 

Yarmarkada 102 nəfər rayon sakininə, o cümlədən sosial cəhətdən həssas qruplardan olan 4 nəfərə boş iş yerlərinə göndəriş verilib. Tədbirdə həmçinin 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.

 

Növbəti əmək yarmarkası sentyabrın 19-da Ağsu rayonunda keçiriləcək. Tədbirdə işsiz və işaxtaran vətəndaşlara 30-a yaxın müəssisə üzrə 250-dən çox boş iş yerinin təqdim olunması nəzərdə tutulur.