news Image
2014.09.19
18:43
| A A A
Şəkidə istehlakçı hüquqlarının qorunmasına dair Konfrans keçirilib

Sentyabrın 19-da İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Şəkidə təşkil edilmişdir. Konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak etmişdir.

Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Bu baxımdan istehlakçı hüquqlarının daha etibarlı qorunması, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün kompleks tədbirlər davam etdirilir. Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd etmiş, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermişdir

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən dövrü ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyi, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatların yayıldığı, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığı, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanmasının maarifləndirmə işinə müsbət töhfə verdiyi qeyd edilmişdir. Bu dövrdə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 57 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bu sahədə işlər hazırda da davam etdirilir.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulamış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə edilmişdir. Çıxışlarda maarifləndirmə işləri ilə yanaşı, inzibati tədbirlərin də görüldüyü vurğulanmışdır. Belə ki, ilin əvvəlindən həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.