news Image
2014.09.21
21:03
| A A A
Canavarlar sürüyə hücum çəkdi

Son vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir. Növbəti belə hücum İsmayıllının Gülyan-Müdri ərazisindəki yaylaqda qeydə alınıb. Azğınlaşmış canavarlar 1500 qoyuna hücum çəkərək sürünü əməlli-başlı alt-üst edib.

Movqe.az Milli.Az -a istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Canavarlar rayonun Gülyan-Müdri ərazisi adlanan yaylaqdaPaşayev Alxan Dədəxan oğluna məxsus 1500 qoyunun olduğu sürüyə hücum çəkib. Ərazidə olan 6 çobanın hadisəyə müdaxilə etməsinə baxmayaraq canavarları sürüdən ayırmaq mümkün olmayıb.

Hadisə yerinə kənd camaatı axın edərək çobanlara kömək ediblər. Edilən bütün cəhdlərə baxmayaraq azğınlaşmış canavarlar xeyli qoyun parçalayıb. Qoyunlardan 50-si ölüb, 55-i yaralanıb, 30-a yaxın qoyun isə yoxa çıxıb. Hadisə baş verən ərazidə yeddi baş iribuynuzlu heyvan da ürkərək qaçıb.

Hadisə yerində heyvanların axtarışı davam edir. Artıq rayon rəhbərliyi və baytarlıq idarəsi məsələ ilə bağlı məlumatlandırılıb. İsmayıllı rayon İcra Hakimiyyəti rayon Baytarlıq İdarəsi ilə birlikdə yırtıcılara qarşı profilaktik tədbirlər görməyə başlayıb.

Qeyd edək ki, son vaxtlar bu ərazilərdə belə hallar tez-tez baş verir. Kənd sakinləri canavarların son vaxtlar azğınlaşdığını müşahidə etdiklərini söyləyirlər. Gecələr kənd ərazisində və kəndə yaxın olan ərazilərdə tək dolaşmağın təhlükəli olduğunu bildirirlər. Canavarı öldürənə isə cərimə tətbiq olunur. Bir sözlə, hələlik canvarlar kəndlərdə, necə deyərlər, meydan sulayır.