news Image
2014.09.23
15:03
| A A A
Təhsil Nazirliyi dinin tədrisinə “yox” dedi

Ölkədə dini təriqətlərə qoşulanların sayı durmadan artdığından orta məktəblərdə dinin tədrisi məsələsi yenidən aktuallaşıb. Günü-gündən artan dini cərəyanlara, sektalara qoşulanların qarşısının alınması üçün ən optimal variant kimi məktəblərdə dini dərslərin keçilməsi göstərilir. 


AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli ilə yanaşı bir çox elm adamları, eləcə də bəzi ziyalılar çıxış yolunu məhz orta məktəblərdə İslamın tədrisində görürlər. 


Səsləndirilən təkliflərlə bağlı Təhsil Nazirliyi hələ ki, heç bir addım atılmadığını deyir.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ümumi təhsil pilləsinin hər bir səviyyəsində (ibtidai, ümumi orta və tam orta) tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilib: " Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədi ilə müəyyənləşdirilən bu sənədə görə, ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb".


Nazirlikdən onu da qeyd ediblər ki, orta məktəblərdə dinlər, ilk növbədə İslam dini, İslam dininin görkəmli tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənni vasitəsilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvi dəyərlər humanitar fənlərin tədrisində də uşaqlara mənimsədilir. Bu mənada "Ədəbiyyat" fənninin imkanları daha genişdir. Həmin fənnə aid dərslik və müntəxabatlarda verilmiş bədii nümunələrdə əks olunan məzmun vasitəsilə müəllimlər İslam dininin fəlsəfəsindən qaynaqlanan ideyaları (mərhəmət, şəfqət, humanizm, vətən məhəbbəti, düzgünlük, ədalət, sədaqət və s.) izahlı şəkildə şagirdlərə çatdırırlar.


Qeyd edək ki, bir müddət əvvəl AMEA-nın Tarix İnstitunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli orta məktəblərdə İslam dini ilə yanaşı dünyəvi dinlərin də tədris olunması təklifi ilə çıxış etmişdi.