news Image
2014.09.26
15:10
| A A A
Universitet tələbələrin borclarını sildi

Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-ci tədris ili üçün ilk iclası keçirilib.


 "Azərbaycan müəllimi" qəzetində verilən məlumata görə, iclasda universitetin rektoru, professor Ədalət Muradov ölkədə ilk dəfə yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisəsi arasında ADİU-nun I yerdə dayandığını bildirib. SABAH qruplarına müraciət edən tələbələrin üçdə birinin Azərbaycan Dövlət İqtisad Universitetini seçdiyini deyən rektor əlavə edib ki, bu, ali təhsilin sabahıdır. Buna görə də ADİU SABAH gənclərinin təhsil alacağı auditoriyalara fərqli yanaşıb. Rektor bildirib ki, universitetimizi necə görmək istəyiriksə, o modeli ilk olaraq "SABAH"da yaratmışıq. SABAH üçün yaradılan şərait bütün universitetə şamil olunacaq.


Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirilib ki, universitetin "İşçilərin işə qəbulu və yerdəyişməsi" komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub.


İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əməkhaqqlarının 15% artırıldığı bildirilib. Universitetin maliyyə bazası artdıqca əməkhaqlarının daha da yüksələcəyi vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə, birillik əməkhaqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.


Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin. Tədbirdə ümumi iqtisadiyyat fakültəsinin adının dəyişdirilərək iqtisadiyyat və sənaye fakültəsi adlandırılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.


İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən "İşçilərin universitetdaxili intizam qaydaları" ilə "Tələbələrin universitetdaxili intizam qaydaları" qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.


Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki, prorektorların qəbul günləri müəyyən olunaraq universitetin saytında yerləşdirilsin.


Şurada MBA-nın Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə qoyularaq qəbul edilib.