news Image
2014.09.26
17:19
| A A A
Təqaüdçülərə şad xəbər

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.


DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi sentyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.


Fonddan Movqe.az-a verilən məlumata görə, ümumilikdə bu ilin 8 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 8 ay ərzində Fondun gəlirləri 1904,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya154,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1107,9 milyon manata çatıb. Bu daxilolmaların 64,8 faizi və ya 717,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 83,1 milyon manat çoxdur.


2014-cü ilin 8 ayı ərzində Fondun xərcləri 1899,1 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.


Azərbaycanda ölkə üzrə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır. Nəticədə müasir sığorta-pensiya sisteminin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb. Əldə olunan bu nailiyyətlər Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə, o cümlədən sığorta-pensiya sistemində sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Prezident İlham Əliyevin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.


2014-cü ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1 faizini yaşa görə, 28,1 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.