“ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq”
“Status-kvonun davam etməsi regionda qeyri-müəyyən və gözlənilməz təhlükəli şəraitin davam etməsi üçün şərait yaradır”
"Məlum olduğu kimi Ermənistan – Azərbaycan münaqişəsinin
nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin güclü hüquqi əsasları
mövcuddur". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
APA-ya müsahibəsində bildirib. O daha sonra qeyd edib: "Beynəlxalq
təşkilatlar Ermənistanın işğalçı ölkə olduğunu, azərbaycanlı qaçqın
və məcburi köçkünlərin öz torpaqlarına qayıtması və həmçinin işğal
olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının
tərəfdarı olduqlarını qərar və qətnamələrdə əks etdirirlər. Təbii
ki, bu bizim üçün yetərli deyil, Ermənistan sülhə, beynəlxalq
təşkilatların qərarlarına və ən önəmlisi, beynəlxalq hüquqa hörmət
etməyə məcbur edilməlidir. Əlbəttə ki, Azərbaycan diplomatiyasının
qarşısında duran ən ümdə və prioritet məsələ, Ermənistan-Azərbaycan
münaqişəsinin həllidir. Ölkə başçısının rəhbərliyi altında
Azərbaycan diplomatiyasının səyləri bu istiqamətə yönəlibdir.
Azərbaycanın işğal olunmuş əraziləri üzərində suverenliyinin bərpa
edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi üçün sülh
danışıqları davam etdirilir. Lakin ATƏT-in Minsk Qrupunun 20 illik
vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq.
Azərbaycanın torpaqları hələ də işğal altındadır və 1 milyona yaxın
qaçqın və məcburi köçkünlərimiz öz doğma tarixi torpaqlarına hələ
də qayıtmayıblar. Status-kvonun davam etməsi regionda qeyri-müəyyən
və gözlənilməz təhlükəli şəraitin davam etməsi üçün şərait yaradır.
ATƏT-in Minsk Qrupuna üzv ölkələrin başçıları aydın şəkildə
regionda status-kvonun mövcudluğunun qəbuledilməz olduğunu bəyan
ediblər. Üç həmsədr ölkə tərəfindən tərtib edilmiş yenilənmiş
Madrid Prinsipləri adlanan təklif tərəflərə təqdim edilib və
bununla əlaqədar Azərbaycan danışıqları davam etdirməyə, o cümlədən
Hərtərəfli Sülh Sazişi üzərində çalışmağa başlamağa hazır olduğunu
bəyan edib. Təəssüf ki, bu təklif Ermənistan tərəfindən rədd
edilmişdir. Bu gün münaqişənin həllində Azərbaycan ilə Ermənistan
arasında etimadın bərpa edilməsi mühüm yer tutur. Bunu əldə etmək
üçün bir çox cəhdlər göstərilməlidir".