news Image
2014.10.01
16:55
| A A A
Tarixi məxəzlərin gerçəklikləri və erməni saxtakarlıqlarının mahiyyəti

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının müzakirəsi keçirilmişdir


Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının müzakirəsi keçirilmişdir.


Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsərinin qiymətli bir tarixi mənbə olduğunu bildirmişdir. Ölkəmizin dövlətçilik həyatında məsul vəzifə daşıyan akademik Ramiz Mehdiyevin həm də uzun illərdir ki, çox fəal və ardıcıl şəkildə elmi-tədqiqat işləri ilə məşğul olduğunu diqqətə çatdıran akademiya rəhbəri bu elmi-nəzəri araşdırmalarda cəmiyyətin fəlsəfi dərki, ictimai-siyasi proseslərə tarixi-fəlsəfi baxış kimi ciddi və qlobal problemlərin özünün dərin və geniş həllini tapdığını vurğulamışdır: "Bir cəhət də xarakterikdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin tədqiqatlarında milli-mənəvi özünüdərkə və cəmiyyət həyatının irəliyə doğru inkişafına yol açmaq həmişə diqqət mərkəzində dayanır. Bundan başqa, cəmiyyətdən gələn sosial-siyasi çağırışların elmi cəhətdən aydınlaşdırılıb dəyərləndirilməsi də akademik Ramiz Mehdiyevin tədqiqatlarının əsasını təşkil edir." Akademik Akif Əlizadə qeyd etmişdir ki, bu gün müzakirə üçün təqdim edilən "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyası da yaşadığımız dövrün daxili tələbatından irəli gələn mühüm və vacib bir problemə həsr olunmuşdur. Bildirilmişdir ki, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdıran elmi əsərdir. Özlərini "yazıq millət" kimi təqdim edən ermənilərin kimliyini müəyyən etmək baxımından da kitabın böyük əhəmiyyəti vardır. Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının Azərbaycan elminə xidmətin qiymətli bir nümunəsi


olduğunu bildirən akademik Akif Əlizadə təqdim olunan kitabın ictimaiyyətimiz üçün olduğu qədər yeni nəsillər üçün də faydalı olacağını diqqətə çatdırmışdır. Akademiya rəhbəri müzakirə edilən əsərin rus dilində çapının əhəmiyyətini bildirmiş, onun ingilis dilinə də tərcümə edilib yayılmasının məqsədəuyğun olduğunu vurğulamışdır. Akademik Akif Əlizadə AMEA-da yaradılmış soyqırımı tədqiqatları üzrə komissiyanın işi baxımından da "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsərini uğurlu başlanğıc kimi dəyərləndirmişdir.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında tarixi dərinlik və müasirlik" mövzusunda məruzə ilə çıxış etmişdir. Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının Azərbaycan cəmiyyətində böyük əks-səda yaratdığını qeyd edən vitse-prezident mühüm əhəmiyyəti nəzərə alınaraq indiyədək bir sıra elm və dövlət qurumlarında bu kitabın müzakirəsinin keçirildiyini diqqətə çatdırmışdır. Akademik İsa Həbibbəyli Azərbaycan tarixinin uzun illərdir ki, yazılmasına baxmayaraq məhz yeni aşkara çıxarılmış tarixi mənbə, məxəz və qaynaqlardan, əsasən də əcnəbi tarixçilərin mükəmməl əsərlərindən istifadə edilərək qələmə alınan bu əsəri elmi-nəzəri və ideoloji cəhətdən yüksək dəyərləndirmişdir. Akademik İsa Həbibbəyli bütövlükdə monoqrafiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm əhəmiyyətə malik olan əsərdə ermənilərin Asiyaya və Cənubi Qafqaza köçürülməsi, harada və necə məskunlaşmasının tarixi-siyasi amillərinin geniş şərh olunduğunu diqqətə çatdırmışdır: "Akademik Ramiz Mehdiyev dünya ictimaiyyətini göstərilən problem üzrə tarixi mənbələr əsasında obyektiv şəkildə məlumatlandırmaq, Azərbaycan elminin əsas istiqamətlərini müəyyən etmək, gənc nəsli maarifləndirmək missiyasını dolğun faktlarla yerinə yetirərək ermənilərin köçürülməsi, azərbaycanlıların etnogenezi, etnik kimliyin antropoloji qaydada müəyyənləşdirilməsi, konfliktologiya və bir sıra digər məsələlərə tarixi dəlillərə söykənən yeni yanaşmalarla aydınlıq gətirmişdir." Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasını tarixçi-filosof baxışları ilə ərsəyə gəlmiş, siyasi-ideoloji cəhətdən konseptual xarakterli bir mənbə kimi səciyyələndirən akademik İsa Həbibbəyli əsərdə qarşıya qoyulan vacib məsələlərin müvəffəqiyyətlə dəqiq və gerçək elmi həllini tapdığını xüsusi vurğulamışdır. Akademik sanballı elmi əsərin Azərbaycan tarixçiləri, politoloqları, filosoflar və geosiyasətçilər, eləcə də bir sıra digər humanitar elm sahələrinin


qarşısında mühüm vəzifələr qoymuş olduğunu diqqətə çatdırmışdır. Azərbaycan tarixinin yenidən hazırlanması, antropologiya, mifologiya, erməni dili üzrə mütəxəssislərin hazırlanması, orta və ali məktəblərin dərsliklərinə yenidən baxılması və təkliflər irəli sürülmüşdür.


AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev, AMEA Tarix İnstitutunun direktoru, müxbir üzv Yaqub Mahmudov çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının tarixi əhəmiyyətindən, elmi dəyərindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışmış və əsərin tarix elmində xüsusi yer tutacağını qeyd etmişlər. Müzakirədə çıxış edənlər monoqrafiyanın elmi dəyərini önə çəkərək kitabın ortaya çıxardığı yeni vəzifələrdən danışmış, bir sıra təklif və mülahizələrini bildirmişlər. Kitabın Azərbaycan dilinə, o cümlədən dünya dillərinə tərcümə edilərək yayılması təklif edilmişdir.


Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, akademiyanın humanitar elmlər üzrə elmi-tədqiqat müəssisələrinin rəhbərləri və elmi əməkdaşları iştirak etmişlər.


Ağahüseyn ŞÜKÜROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs