news Image
2014.10.02
21:10
| A A A
Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilib - FOTO

Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqinsin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. 


Movqe.az apa-ya istinadən xəbər verir ki, bu haqda informasiyanı İqtisadiyyat və Sənaye Nazirliyi yayıb.


Xəbərdə deyilir ki, səfər çərçivəsində bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib. 


Azpromo-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunub, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb: "Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları ölkəmizi xarici investora çevirib". 


R. Məmmədov Böyük Britaniya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib. 


M. Hiqins Böyük Britaniya iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib. 


Biznes forumda Azpromo-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, britaniyalı iş adamları isə təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs