news Image
2014.10.10
12:35
| A A A
Suraxanıda çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətəyolasalma mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2014-cü il oktyabrın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.


10 oktyabr 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir təşkil olunmuşdur. Təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət etdilər və önünə tər güllər qoydular.


Təntənəli yolasalma mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.


İlqar Abbasov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini xüsusi vurğulamış, Azərbaycanın sabitlik və inkişafının qarantı cənab İlham Əliyevin ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifə kimi səciyyələndirmişdir.


Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Qurban Şirinov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, Rayon Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev qeyd etmişlər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.


Tədbirə qatılan Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışlar.


Sonda çağırışçı gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs "Qurani-Kərim"in altından keçərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs