news Image
2014.10.13
10:24
| A A A
Sürüşən yollar
Sadiq Əmiraslanov: «Sürüşmələrin daha çox avtomobil yollarında baş verməsi texnogen proseslərin təsirindən qaynaqlanır» Ənvər Əliyev: «Sürüşməyə yağıntılarla bərabər, son zamanla intensiv şəkildə müşahidə olunan zəlzələlər də səbəb olub»

Məlumat verildiyi kimi, Azərbaycanın sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanovun sözlərinə görə, sürüşmə sahələrində aktivləşmə son atmosfer yağıntılarının təsirindən baş verib.

Onun sözlərinə görə, sentyabrın sonu - oktyabrın əvvəllərində sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Bu, yay aylarının həddindən artıq quraqlıq keçməsi və torpaqda yeni çatların əmələ gəlməsi, mövcud çatların genişlənməsi ilə bağlıdır. Bununla yanaşı, sentyabrda atmosfer çöküntülərinin bu çatlar vasitəsilə daxil olması da sürüşmə sahələrində qismən aktivləşməyə səbəb olub. Bu aktivləşmələr daha çox avtomobil yolları ərazilərində müşahidə edilib. Məsələnin də maraq doğuran tərəfi hansı səbəbdən məhz avtomobil yolları ərazilərində sürüşmənin müşahidə edilməsidir. 

Bununla bağlı Sadiq Əmiraslanov Movqe.az-a açıqlamasında bildirib ki,  sürüşmələrin avtomobil yollarında daha çox baş verməsinin səbəbi texnogen proseslərin təsirindən qaynaqlanır: "Dağlıq ərazilərdə yolların çəkilməsi zamanı yamacların kəsilməsi həyata keçirilir. Bu, yamacın kəsilməsindən sonra baş verən prosesdir. Yamacda kəsilmədən sonra  müəyyən bərkitmə işləri aparılmadıqda, atmosfer yağıntılarının, qarın təsiri ilə sürüşmə təhlükəsi əmələ gəlir. Sonradan da bu proses yağıntı olan mövsümdə davam edir, srüüşmədə aktivləşmə müşahidə olunur. Nəticədə həmin sahələrdə həm uçqun, həm də sürüşmə prosesi baş verir". Nazirliyin nümayəndəsinin sözlərinə görə, bu hallar yaşanmasın deyə, gərək yollarda yamac kəsilən zaman lazımi bərkidilmə işləri aparılsın: "Yamacın kəsilməsi elə şəkildə həyata keçirilməlidir ki, həmin ərazidə sürüşmə baş verməsin". 

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə bildirir ki, sürüşməyə yağıntılarla bərabər, son zamanla intensiv şəkildə müşahidə olunan zəlzələlər də səbəb olub: "Sürüşmə zonalarındakı aktivlik ilk olaraq mövsümi amillərlə bağlıdır. Uzun müddət yağıntısız hava şəraitindən sonra artıq yağıntılı dövr başlayıb. Bu təbiidir. Bəzi rayonlarda uzun müddətli yağıntılardan sonra, xüsusən orta dağlıq ərazilərdə torpaqlar əvvəlki rütubət normasını alıb və suyun aşağı qatlara keçməsi sürüşməyə yol açıb. Digər amil isə son vaxtlar Böyük Qafqazda baş verən zəlzələlərlə bağlıdır. İntensiv baş verən zəlzələlər də sürüşməyə təsir edib".

Şöbə müdirinin sözlərinə görə, yollar çəkilərkən bir sıra xüsusiyyətlər nəzərə alınmadığından səthin dayanıqlığı itir. Srüşmələr də bu səbəbdən baş verir:  "O ki qaldı antropogen səbəblərə, tamamilə doğrudur ki, avtomobil yollarında sürüşmə daha çox olur. Bunun olması da  normaldır. Çünki avtomobil yolları çəkilərkən həmin yol boyu torpaq səthinin dayanıqlığı itir. Zamanla yağan yağıntılar, yolda avtomobillərin gəlib-gedişi zamanı titrəmələr, zəlzələlərin təsiri ilə sürüşmə meyilliyi artır. Beləliklə, sürüşmənin ativləşməyi həm təbii, həm də antropogen təsirlər nəticəsində baş verir. Yağıntılar  bu şəkildə davam edərsə, Böyük Qafqazda bundan sonra da sürüşmələrin olması gözlənilir. Hazırda sürüşmə yaşanan Lənkəran-Lerik yolu artıq dayanıqlığını itirmiş yoldur. Vaxtında oradan keçən yolların yerində dik qayalıqlar idi. Onların aşağısı sıyrılan kimi yuxarıdan avtomatik olaraq sürüşmələr davam edir. Xüsusən inteniv yağıntılar dövründə dayanıqlığı az olan ərazilərdə, bu, normal haldır". 

Ənvər Əliyev bildirib ki, adətən dayanıqlığı itmiş sahələrə qoruyucular düzülür: "Yağınıların ötürülməsi üçün beton drenajlar qoyulur və onlar suları yığıb aparır. Bundan başqa dayanıqlığı artırmaq üçün yolların kənarına beton sədlər çəkilir.  Eyni zamanda sürüşmələrin qarşısını almaq üçün deformasiyaya uğrayan, sürüşməyə meylli ərazilərdə mümkün qədər meşəliklər salmaq lazımdır. Əgər bunlar olarsa, sürüşmənin qarşısını müəyyən qədər almaq mümkündür". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs