news Image
2014.10.13
12:55
| A A A
Azərbaycanda dövlət elmi müəssisələrinin özəlləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılıb

Azərbaycanda dövlət elmi müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa "Elm haqqında" qanun layihəsindən çıxarılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli Trend-ə bildirib ki, akademiya "Elm haqqında" qanun layihəsini uyğun mütəxəssislərlə birgə müzakirə edib və layihə parlamentin Elm və təhsil komitəsinə təqdim edilib.

Onun sözlərinə görə, layihənin hazırkı variantında elmi tədiqat müəssisəsinin özəlləşdirilməsi ilə bağlı müddəlar yoxdur: "AMEA dövlət mülkiyyətidir, ona görə də AMEA da, komitə də AMEA müəssisələrinin dövlət müəssisi olaraq fəaliyyətlərini davam etdirməsinin tərəfdarıdır".

İ.Həbibbəyli qeyd edib ki, özəl elmi-tədqiqat müəssisələri AMEA-nın tabeliyində olmaya bilər. Amma AMEA-nın tabeliyində olan müəssisələr özəl ola bilməz, onlar dövlət müəssisəsi olmalıdırlar.

Hazırda layihədə ciddi narazılığa əsas olan müddəaların olmadığını deyən vitse-prezident bildirib ki, Azərbaycanda elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq alması nəzərdə tutulur. Onun sözlərinə görə, elmi müəssisələrin elmi fəaliyyətlə məşğul olması üçün icazə alması dünyada qəbul olunmuş normalardır. Bu normaların tətbiqi Azərbaycan elmin inkişafına maneə törətməz.

İ.Həbibbəyli qeyd edib ki, elmi tədqiqatın bəzi sahələri müəyyən qədər məxfilik tələb edir və tam açıq deyil. Buna görə də belə elmi fəaliyyət sahələri ilə xüsusi icazə alan mütəxəssislər, qruplar məşğul ola bilərlər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə Trend-ə bildirib ki, "Elm haqqında" qanun layihəsinin hazırlanması artıq yekunlaşıb və layihənin müzakirəsi MM-in payız sessiyasının gündəliyinə daxil edilib.

Ş.Hacıyev hazırda qanun layihəsində AMEA-nı narazı salan müddəaların olmadığını da vurğulayıb.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsinin əvvəlki variantında müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən elmi müəssisələrin özəlləşdirilməyə açıq elan edilməsi təklif edilmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs