news Image
2014.10.15
11:33
| A A A
Unutsaq unudularıq!

Sən hamıdan varlısan, Vaqif Hüseynov!



Əsl şeir ürək təşnəsidir. Şeir o əzablı həyatı yaşayanda yaranır. Vaqif Hüseynovun da söz dünyası belə yaranmışdı.Vaqif müəllimin duyğuları ilə tanış idim:


El içində söz gəzir, guya mən də


varlıyam.


Guya sorğu-sual yox doğradığım


başlara...


Vaqif müəllimin şeirləri qiyməti həmişə qiymətli olub:


-Gözəl günlər gəlir, xoş günlər gəlir,


Görən qalacaqmı o çağa şeirim?..


Vaqif az yaşadı (1936-1985). Rayon "Çağırış" qəzetində redaktor olduğu illərdə xeyli sayda ədəbiyyat, poeziya həvəskarını pərvazlandırdı. Ədəbiyyat adamını sevirdi. Onları qoruyurdu, qayğı göstərirdi.


Bəli, şair Vaqif Hüseynov heç əlli il yaşamadı, amma şeirləri yaşayır. Ancaq ilk məhəbbəti, ata sevgisini, Vətəni, təbiəti olduğu kimi vəsf edib, ən gözəl "Masallı" nəğməsini yaratdı:


Deyin, bu torpağın harda tayı var?!


Hər cür sovqatı var, hər cür payı var.


Faraş tərəvəzi, "buket" çayı var,


Bağçalar, bostanlar Masallıdadır...


Uşaq yaddaşımda qalan "Mən hamıdan varlıyam"dır və o şeirdən sonra 60-70-ci illər poeziyasının seçmə misralarını əzbərlədim, müəlliflərini tanımadan. Hərdən fikirləşirəm ki, sən hamıdan varlısan, Vaqif müəllim! Unudulmaz şeir və poemalarınla, kitablarınla! Dünyanın varı, sərvəti toplanır, dağılır, yox olur, poeziya yaşayır. Bunu görə-görə gəlirik...



Hər söz üstə əsmişəm ki,


Misralarım qoy əsməsin,


Aylar, illər sözlərimin


Ömüründən qoy kəsməsin...


("Şeirim").


Lənkəranın Separadi kəndində doğulmuş Vaqif İbi oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı. "Göylər" adlı ilk şeiri 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. "Leninçi" (Lənkəran) qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, sonra Masallıda (1965-1977) redaktor olmuşdur. Onun redaktorluğu dövründə "Çağırış" "Pravda" qəzetinin baş məqaləsində təriflənmiş, "Qızıl qələm" və bir sıra mükafatlara layiq görülmüşdür. V.Hüseynov Azərbaycan KP Masallı Rayon komitəsinin büro üzvü (1971-1976) olmuş, "Şərəf nişanı"ordeni və 2 medalla təltif edilmişdir.


Sağlığında "Sevərək yaşayanlar" və "Dəniz çağırır" kitabları çap olunub. Ölümündən sonra da 2 kitabı çapdan çıxıb.


V.Hüseynovun şeirlərini oxuculara təqdim edirik.



Qış



Buz tutub dərədə bulağın gözü,


Gərək qar dolduraq susuz sənəyə.


Axır ki, əsl qış gəldi -- "qar" sözü,


Az qala dönmüşdü bir əfsanəyə.



Balalar quş kimi pərvazlanaraq


Evlərdən həyətə tökülmüşdülər.


Bir dünya sərçəylə bir dünya uşaq


Elə bil multfilmə çəkilmişdilər.





Payız


Dərəyə səs düşdü, qaya bağırdı,


Düşən ildırımdı, kişnəyən göydü.


Bir parça gecənin rəngi ağardı,


Bir daraq ağ yağış torpağı döydü.



Əsib silkələndi payız gecəsi,


Buluddan-buluda od düşdü sanki.


Heyrətlə boylanan bir dağ keçisi


Zirvədə heykələ dönmüşdü sanki.