news Image
2014.10.16
07:05
| A A A
Hərbi büdcəmiz Ermənistanı daha çox qorxuya salır
Zahid Oruc: “Azərbaycan əsgəri tam təminatlı şəkildə səngərdə düşmənlə üz-üzə dayana bilir” Fərrux Məmmədov: “Azərbaycan istənilən qədər hərbi büdcəsini artıra bilər”

Azərbaycan növbəti il üçün də müdafiə və təhlükəsizlik xərclərini artırdı. Belə ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.

Xatırladaq ki, hərbi xərclər ötən illər üzrə də artımla müşahidə edilmişdi. Bütün bunlar isə təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi və torpaqlarımızı işğal altında saxlamasından qaynaqlanır. Ancaq bu gün Azərbaycanın müdafiə xərcləri ümumilikdə Ermənistanın büdcəsini də keçir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, gələn il dövlət büdcəsində hərbi xərclərin artırılmasının başlıca səbəbi, ərazilərimizin işğal altında olmasıdır: "Çünki, bunun əksini düşünmək çox çətin olar. Yəni, ötən illər ərzində vəziyyətin həm siyasi və diplomatik müstəvidə dəyişməsi də hərbi imkanlarımızın gücləməsilə bağlı olub. Zamanında Konfutsinin dediyi kimi, ordular bəzən döyüşmədən iş görürlər. Hazırki dövrdə hərbi sənaye komplekinin formalaşması, qabaqcıl texnikanın və silah-sursatın alınması Azərbaycanın regional və beynəlxalq miqyasda hərbi əlaqələrinin genişlənməsi öz-özlüyündə qeyd olunan tarixi firkin gerçəklikdə nə qədər düzgün olduğunu sübut edir. İstər danışıqlar prosesində, istərsə də Azərbaycanın xarici məkanda siyasi mövqelərini gücləndirmək cəhətdən hərbi imkanlarımızın artması çox böyük rol oynayıb. Mütləq rəqəmdə ifadə olunsa, müdafiə xərclərimiz 4 milyard dollardan artıqdır. Bunun bir qismi sadəcə, silahlı qüvvələrlə əlaqəli büdcədə ayrıca xətlə göstərilib. Eyni zamanda investisiya xərclərinin tərkibində də kifayət qədər çəkili rəqəmlər nəzərdə tutulub. Bu, müxtəlif xarakterli hərbi əməkdalığa yönələn vəsaitlərdir. O cümlədən artıq ölkədə xüsusi adda Müdafiə Sənaye Nazirliyi də fəaliyyət göstərir. Müqayisə üçün bildirək ki, Ermənistanda müdafiə xərcləri 320 milyon dollardır. Bu da 2.4 milyard dollarlıq büdcənin içərisində yer alıb. Azərbaycanda həmin xərclər ümumi daxili məhsul tərkibində 2% - i keçmir. Bu da o deməkdir ki, hər hansısa bir xarici qüvvənin, beynəlxalq dairənin bizi millitaristləşdirmə siyasətində ittiham etməsində haqqı yoxdur. Əgər 4% - i keçmiş olsaydı, ondan danışmaq olardı. Ancaq bir çox Qərb dövlətinin timsalında deyə bilərik ki, özləri o rəqəmi dəfələrlə aşıblar. Azərbaycanın bu qədər işğala məruz qalması gerçəkliyi olduğu şəraitdə sırf sülhpərvər, silahsızlaşdırma, qeyir-hərbi xarakterli siyasət yürütməsi ölkə hakimiyyətini də, xalqı da təhlükə ilə üz-üzə qoyardı. Bu xərclər özlüyündə sadəcə, maliyyə vəsaitləri deyil. Artıq bu pullar Azərbaycan əsgərinin və hərbisinin həyatında geniş şəkildə görünməkdədir. Bu gün Azərbaycan Ordusunun vətəndaşların öz imkanları səviyyəsində yardımlarına ehtiyacı yoxdur. Azərbaycan əsgəri tam təminatlı şəkildə səngərdə düşmənlə üz-üzə dayana bilir. Onun mənəvi-psixoloji durumu, fiziki imkanları da qat-qat genişlənib. Həmçinin, ordumuz son dəyişiklikdən sonra daha da güclənib. Beləliklə, müdafiə xərclərinin artıırlması müdafiəmizin güclənməsi deməkdir. Bu, Azərbaycanın ərazilərinin qaytarılması üçün bizdə böyük inam yaradır. Siyasi və hərbi imkanlarımızın belə paralel şəkildə aparılması şübhəsiz ki, Azərbaycanın düzgün siyasətindən xəbər verir".

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov öncə qeyd etdi ki, Azərbaycan istənilən qədər hərbi büdcəsini artıra bilər: "bugünkü reallıqlar baxımından Azərbaycan istənilən qədər hərbi büdcəsini artıra bilər. Hərbi büdcəni silah almağa yönəltməklə yanaşı, kəşfiyyat peyklərini də almaq lazımdır. Çünki, bu gün dünyanı idarə edən informasiyadır". Onu da qeyd edək ki, hərbi büdcəmiz Ermənistanı getdikcə daha çox qorxuya salır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs