news Image
2014.10.16
17:19
| A A A
Bakı Slavyan Universitetinin Bolqar Mərkəzinin 10 illiyinin qeyd edilib

2004-cü il oktyabrın 7-də Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Mərkəzin yaranmasının 10 illik yubileyi münasibəti ilə ali təhsil müəssisəsində oktyabrın 16-sı təntənəli tədbir təşkil edilib. Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xiristova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri, universitetin professor-müəllim heyəti və bolqar dili üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, millət vəkili, professor Sahibə Qafarova xanım səfiri və digər qonaqları universitetin rektoru, professor Asif Hacıyevin adından salamlayaraq onları Mərkəzin yubileyi münasibəti ilə təbrik edib. Professor S. Qafarova Bakı Slavyan Universitetində bolqar dilinin 1996-cı ildən tədris olunduğu bildirib. O, həmçinin artıq 10 ildir fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsinin Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirməkdən və gənclərin hər iki ölkənin mədəniyyətinə təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib.

Mərasimə böyük məmnuniyyətlə qatılan xanım Maya Xiristova Bolqar Mərkəzinin 10 illiyinə həsr olunmuş maraqlı tədbiri təşkil etdiyinə görə universitetin rəhbərliyinə və bolqarşünas tələbələrə dərin minnətdarlığını bildirib. Öz çıxışı zamanı Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən danışan xanım səfir azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsinə, bu dilə göstərilən hörmət və qayğıya heyran qaldığını xüsusilə vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov yubiley münasibətilə bolqarşünas tələbələri təbrik edib və Fondun adından onlara hədiyyələr bağışlayıb.

BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov öz çıxışında bildirib ki, Mərkəz bu ölkənin dövlət xadimləri, elm, mədəniyyət nümayəndələri ilə keçirilən görüşlərin təşkilində böyük rola malikdir. O, Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə sıx və müştərək əlaqələrin və tərkiblərin olduğunu da qeyd edib.

Tədbirdə Bolqar Dili və Mədəniyyəti Mərkəzinin 10 illik fəaliyyətinə həsr olunmuş qısa motrajlı film nümayiş olunub Daha sonra mərasim bolqarşünas tələbələrin bolqar və Azərbaycan dillərində hazırladıqları konsert proqramı ilə davam etdirilib. Sonda bolqar milli rəqsinin nümayişi iştirakçılarda xüsusi maraq doğurub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs