news Image
2014.10.16
17:40
| A A A
AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanı separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil edib

 Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının plenar iclasında "Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər" adlı bəyanat layihəsi ətrafında müzakirələr aparılıb.


apa-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə iştirak etmək üçün Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Ukraynanın regional inkişaf, quruculuq, mənzil və bələdiyyə xidmətləri naziri Vyaçeslav Neqoda, Moldovanın xarici işlər və Avropa quruculuğu naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr Şurasının sədri və şəhər merinin müavini Oleksi Reznikov, habelə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Tengiz Şergelaşvili dəvət olunublar.

 

Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri, digər xarici həmkarları ilə birgə sənədin 6-cı paraqrafına əlavə irəli sürüblər və bu əlavə də 68 lehinə, 35 əleyhinə səslə qəbul olundu. Bəyanat layihəsinin 6-cı paraqrafına irəli sürülmüş əlavəyə əsasən, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsinin separatçı hərəkətlərlə üzləşən üzv dövlətlərdə baş verən münaqişələrin sülh yolu ilə həll edilməsi üçün vacib şərt olduğu qeyd olunub. Amma səsvermədən öncə Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Anar İbrahimov təklif olunan əlavəyə bir dəyişikliyin də edilməsini şifahi şəkildə bildirib və əlavədəki "dövlətlərin" sözü əvəzinə konkret olaraq Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adının salınmasını istəyib. Ermənistan nümayəndə heyəti üzvlərinin etirazlarına baxmayaraq, bu şifahi təklif də böyük əksəriyyətlə qəbul olunub. Sonda bəyanat layihəsi bütövlüklə səsə qoyularaq qəbul edilib.

 

Beləliklə, "Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər" adı altındakı bəyanat layihəsinin daxilindəki 7-cı bəndində separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldova göstərilsə də, bu düzəlişlərlə layihənin 6-cı bəndində bu ölkələrlə yanaşı, Azərbaycanın da adı əlavə olunub. 

 

Qeyd edək ki, əvvəlcədən Konqres bu sənədin müzakirələrinə separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanın təmsilçilərini dəvət etsə də, daha sonra bu müzakirələrə dünən Konqresin sessiyasında çıxış etmiş Azərbaycanın ədliyyə nazirini də dəvət edib və Azərbaycanın da separatçılığa məruz qaldığını qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs