news Image
2014.10.25
13:07
| A A A
ABŞ-da Azərbaycan mədəniyyətinin təntənəsi

Oktyabrın 24-də Azərbaycanın ABŞ-dakı səfirliyinin və ABŞ diplomatlarını və onların ailə üzvlərini bir araya gətirən AAFSW (The Associates of the American Foreign Service Worldwide) təşkilatının birgə səyləri ilə ABŞ Dövlət Departamentində təntənəli "Azərbaycan mədəniyyəti günü" keçirilib.

Tədbir Dövlət Departamentinin yüksək səviyyəli tədbirlərin keçirildiyi Din Açeson Auditoriyasında olub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Departamentinin nümayəndələri, ABŞ-da akkreditə olmuş səfirlər və digər diplomatlar, AAFSW təşkilatının, Amerika ictimaiyyətinin, habelə ABŞ-dakı Azərbaycan diasporunun çoxsaylı üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AAFSW təşkilatının prezidenti Patrisia Linderman və təşkilatın proqram rəhbəri Şeyla Svitzer Dövlət Departamentində "Azərbaycan mədəniyyəti günü"nün keçirilməsinin zəngin Azərbaycan mədəniyyətinin ABŞ-da təbliği baxımından əhəmiyyətini vurğulamış və belə tədbirlərin iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.

Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycan mədəniyyətinin xarakterik xüsusiyyətləri barədə iştirakçılara məlumat verib. O, Azərbaycan mədəniyyətinin müxtəlif qollarının inkişaf tendensiyasından ətraflı bəhs edərək, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin müxtəlif mədəni irsləri özündə əks etdirdiyini vurğulayıb. Eyni zamanda, səfir "Heydər Əliyev Fondu"nun və Fondun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın dünyada Azərbaycan mədəniyyətinin, o cümlədən Azərbaycanın ecazkar muğam musiqisinin tanınmasındakı müstəsna xidmətləri olduğunu qeyd edib.

Rəsmi çıxışlardan sonra tədbir Azərbaycan mədəniyyətinə aid elementlərin əyani olaraq nümayiş etdirilməsi ilə davam etdirilib. Belə ki, azərbaycanlı caz ustası, dahi bəstəkar Qara Qarayevin nəvəsi Zülfüqar Bağırovun və ABŞ-ın məşhur pianoçularından olan Hərri Apelmanın səsləndirdiyi Azərbaycan caz nümunələri, eyni zamanda, ABŞ-da təhsil alan azərbaycanlı tələbə Şahin Ələkbərovun pianoda müşayiəti ilə ABŞ-da yaşayan azərbaycanlı gənc Nurlan Qasımovun oxuduğu "Ala gözlüm", "Bu gün ayın üçüdür" kimi Azərbaycan xalq mahnıları iştirakçıları heyran etmiş və Azərbaycan musiqinin müxtəlifliyini nümayiş etdirmişdir. Əlavə olaraq, tədbirdə ifa olunan "Naz Eləmə" və "Turacı" rəqsləri izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Eyni zamanda, tədbir iştirakçıları üçün verilən ziyafətdə Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs