Əlaqə Arxiv
news Image
2012.04.11
11:41
| A A A
Gənc ailələrin mənzil probleminin həllində yeni dövr başlanır
Əli Əlirzayev: "Şəhərin kənarında bir otaqlı, təmirsiz mənzili 25 min manata satmaq gülüncdür"

Azərbaycanda gənc ailələrin ən ciddi problemlərindən biri şübhəsiz ki, mənzillərinin olmamasıdır. Düzdür, dövlət gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Gənc ailələrə ipoteka kreditlərinin verilməsi, şərtlərin sadələşdirilməsi kimi addımlar atılıb.  Gənclərin mənzil probleminin həlli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına ayrıca bənd kimi salınıb.  

Bu arada yayılan məlumatlara görə, dövlət qarşıdakı aylarda gənclərin mənzil probleminin həlli üçün bir sıra yeni müxtəlif tədbirlər həyata keçirəcək. Mənzil almaq istəyən gənc ailənin xərcinin təxminən 25 faizini dövlət ödəyəcək. Qalan 75 faizini isə ailə şəxsi mənbələrindən əldə etməli olacaq. Belə bir təcrübə artıq Ukraynada mövcuddu. Hətta Rusiyanın özündə də dövlət gənclərin mənzil alması üçün bir neçə istiqamətdə işlər görür. Bunların arasında ipoteka kreditlərinin faiz hissəsinin dövlət hesabına ödənilməsi də var.  

Qeyd edək ki, şəxsi mənzilin olmaması gənc ailələrdə tez-tez mübahisələrin yaranmasına, boşanma hallarının artmasına, uşaqların sayının az olmasına səbəb olur.  

İqtisadçı alim Əli Əlirzayev gənclərin mənzil probleminin həlli üçün dövlətin üzərinə bir sıra öhdəliklərin düşdüyünü qeyd edir: "Vətəndaşın mənzil problemini həll etmək dövlətin əsas vəzifələrindəndir. Sosialyönümlü iqtisadiyyatda da bu belədir, liberalizmdə də. İnsan ömrünü, həyatını, xoşbəxtliyini mənzil almağa sərf etməməlidir. Mənim qonşuluğumda, qohumlarımda gənc insanlar var ki, gecə-gündüz istirahət bilmədən işləyirlər ki, bir otaqlı mənzil alsınlar. Amma ala bilmirlər". 

Ə.Əlirzayev hesab edir ki, taleyüklü məsələ olduğundan dövlət burada təşkilatçı, maraqlı tərəf kimi çıxış etməlidir: "Dövlət özü tikinti şirkətlərinə sifariş verə bilər ki, müəyyən ərazilərdə binalar tikilsin. Binanı dövlət pulla alır və sərfəli şərtlərlə gənc ailələrə satır. Ailə hər ay dövlətə qanunla nəzərdə tutulmuş miqdarda vəsait ödəyir. Həmin vəsait çox olmalı deyil.  Yəni təkcə ipoteka kreditlərinin verilməsi ilə kifayətlənmək olmaz".   

Alimin sözlərinə görə, hətta ipoteka kreditləri ilə də gənc ailələrin mənzil problemini həll etmək mümkündür: "İpoteka kreditlərinin verilməsində şərtlər sadələşdirilməlidir. Faiz dərəcəsini və ilkin ödənişi bir neçə dəfə aşağı salmaq mümkündür. Dövlət büdcəsindən bir milyard manat ayırmaqla bir il ərzində gənc ailələrin mənzil problemini həll etmək mümkündür.  20 milyard dollardan çox dövlət büdcəsi, 40 milyard dollardan Neft Fondunun büdcəsi olan dövlət üçün gənc ailələrin mənzil probleminə 1 milyard manat ayırması heç nədir. Bu imkanlar varsa, niyə də ondan istifadə etməyək. Dövlət istəsə gənc ailələrə faizsiz kreditlər verə bilər".

Ə.Əlirzayev sonda əlavə etdi ki, gənc ailələrin mənzil problemini həll etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir: "Bir tərəfdən elə etmək lazımdır ki, bank sektoru inkişafdan qalmasın, tikinti şirkətləri rəqabətdən qalmasınlar. Həmçinin inflyasiyanın artmasına imkan vermək olmaz. Məsələ ciddi müzakirə olunmalı və çıxış yolları axtarılmalıdır. İqtisadi İnkişaf Nazirliyi mənzillərin kvadratının neçəyə başa gəldiyini araşdırmalıdır. Şəhərin kənarında bir otaqlı, təmirsiz mənzili 25 min manata satmaq gülüncdür. Mən həmin evləri görmüşəm. Ora elə böyük xərc çəkilməyib. Qiymətlər qəsdən şişirdilir. Dövlət mənzillərin qiymətlərini endirməklə də gənclərə yardım göstərə bilər".

R.XƏLİLOV

Sizin Reklam Yeriniz