news Image
2014.10.29
17:24
| A A A
“Avtovağzal” və “Memar Əcəmi-2”ni gələn il istifadəyə vermək nəzərdə tutulur

Bakıda inşa olunan yeni "Avtovağzal" və "Memar Əcəmi-2" metro stansiyalarını 2015-ci ildə istifadəyə vermək nəzərdə tutulur. Bunu "Media forum" saytına "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi bildirib ki, hazırda "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında işlər davam etdirilir: "Avadanlıqların quraşdırılması prosesi gedir. Demək olar ki, işlərin böyük əksəriyyəti görülüb. Fransanın "Thales" şirkəti ilə müqavilə imzalamışıq. Şirkətə sifariş verdiyimiz işarəvermə və idarəetmə avadanlıqları gələn kimi stansiyalarda quraşdırılacaq. Hələlik şirkətin nümayəndələri bu işlərlə, gətiriləcək avadanlıqların istifadə olunması ilə bağlı metropolitenin təlim-tədris mərkəzində bizim mütəxəssislərə təlim keçirlər. Ola bilsin, təlimin müəyyən hissəsi – təcrübi mərhələsi xaricdə davam etdirilsin.".

Nəsimi Paşayev əlavə edib ki, metropolitendə mövcud qatarların modernləşdirilməsi prosesi də davam etdirilir: "Gürcüstan paytaxtı Tbilisidə Rusiyanın qatar istehsalat zavodunun filialı var. Bu il biz oraya 4 qatar göndərmişik. Hər qatar 5 vaqondan ibarət olduğundan bu, ümumilikdə 20 vaqon deməkdir. Göndərdiyimiz qatarlar Tbilisidəki zavodda tamamilə dəyişdirilərək yeni formada, yeni görkəmdə və yeni avadanlıqlarla ölkəmizə qaytarılır. Qatarlardan üçü artıq Bakıya gətirilib və xəttə buraxılıb. Dördüncü qatar da gətirilib, depodadır. Yaxın vaxtda həmin qatar da sərnişinlərin ixtiyarına veriləcək, bundan ötrü lazım olan hazırlıq işləri görülməkdədir".

Hazırda Bakı metrosunda 23 stansiya var. 2030-cu ilədək stansiyaların sayını 76-ya çatdırmaq planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs