Əlaqə Arxiv
news Image
2012.07.20
08:34
| A A A
QHT-lərlə əlaqədar yeni qərarlar qəbul olunacaq
“Bu ilin 6 ayı ərzində QHT-lərə 2 milyon manatdan çox vəsait ayrılıb”

Azərbaycanda Qeyri-Hökumət Təşkilatları ilə əlaqədar yeni qərarlar qəbul olunacaq. Bunu SalamNews-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda Qeyri-Hökumət Təşkilatları dinamik inkişaf edən bir sektora çevrilməkdədir. Deputat bildirib ki, ümumilikdə Azərbaycanda 2800 QHT dövlət qeydiyyatından keçib. "Hər il ölkədə yüzlərlə yeni QHT-lər yaranır. Azərbaycanda QHT-lərin səviyyəsinin yüksəlməsi üçün ölkə prezidenti tərəfindən də mühüm addımlar atılır. Hazırda QHT-lərin maddi-texniki bazalarının genişləndirilməsi istiqamətində çox vacib qərarlar qəbul edilib. Amma bununla yanaşı, təbii ki, qarşıda duran vəzifə və problemlərimiz də az deyil", - Azay Quliyev deyib.

Şura rəhbəri bildirib ki, cari ilin iyulun 1-də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə KİV nümayəndələrinə qapalı "QHT və dövlət dialoqu" mövzusunda iclas keçirilib. A.Quliyev deyib ki, sözügedən toplantıda QHT-ləri narahat edən maraqlı və məhsuldar fikir mübadiləsi aparılıb: "İclasın sonunda isə QHT-lər tərəfindən təkliflər səsləndirilib. Hazırda QHT-lərin problemlərinin həlli istiqamətində verilən təkliflərin reallaşdırılması imkanları araşdırılır". A.Quliyev bildirib ki, yaxın zamanlarda Azərbaycanda Qeyri-Hökumət Təşkilatları ilə əlaqədar daha mühüm və dövlət tələblərini özündə ehtiva edən qərarlar qəbul olunacaq.

Azay Quliyev qeyd edib ki, bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərə 2 mln. manatdan çox vəsait ayrılıb. Onun sözlərinə görə, vəsait QHT-lər tərəfindən Şuraya təqdim olunan seçilmiş layihələrə yönəldilib. "Hazırda Şura növbəti maliyyə yardımı müsabiqəsi elan edib. Bütövlükdə bu müsabiqə çərçivəsində də ayıracağımız vəsaiti götürsək, ilin sonuna kimi QHT-lərə 2,5 milyon manat vəsait veriləcək", - Azay Quliyev deyib.
Sizin Reklam Yeriniz