Əlaqə Arxiv
news Image
2014.10.30
11:09
| A A A
...Faraş tərəvəz də diqqətdədir

Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun ərazilərdə səyyar qəbulu işgüzar xarakter daşıyır. Müşahidələr göstərir ki, artıq bu sahədə müsbət nəticələr əldə olunmuş, ictimaiyyətlə sıx əlaqə yaranmışdır.

Banbaşı ərazi nümayəndəliyində bunun bir daha şahidi olduq.

Rafil müəllim görüşə elə əvvəldən körpü saldı, dedi ki, bu gün xoş havadır, elə bil təbiət oyanır. Bildirdi ki, daxili bazarda bahalaşma var: – Elə ötən illərdən Rusiyanın bizim faraş tərəvəzə ehtiyacı olub. İndi bu yenidən təkrarlanır. Təbii iqlimlə əlaqədar bizim tərəvəzə, kələmə bol günəş "dəyir", əsl məhsul yetişir. Günəş ən gözəl vitamin mənbəyidir. İndi Rusiyanın qapısı üzümüzə açılıb. Kələmin həmişə alışı olub, faraş kələm bizdədir.

Rayon rəhbəri bu sahədəki təcrübəsini göz önünə çəkdi. Dedi ki, bir hektar icarə sahəsində kartof yetişdirdik. 5 min manat xalis gəlir əldə olundu. İndi də kələm əkəcəyik. Rayon rəhbərinə banbaşılılardan biri sual verdi:

-Əvvəlki kimi tərəvəz bazası yaratmaq olarmı?

-Onu siz özünüz də təşkil edə bilərsiniz. Masallıda yaşıl bazar yaradılacaq, bunu dövlət yaradır. İstəyirəm ki, sahibkar da yaratsın. Məhsulu ək, peşman ol. Qoy almasınlar, Amma mütləq alıcı tapılacaq.

Səyyar-qəbuldakı bəzi çıxışlar oxucuların diqqətinə çatdırmaq istəyirəm:

Təqaüdçü müəllim Rəyasət İbrahimov:

-Kəndimizə xoş gəlmisiniz. Hər gəlişinizdən sonra xoşagələn hal olur. İcbari sığorta haqqında söhbət getdi. Yaxşı oldu. Bu gün kəndimizdə uşaq bağçasının olmaması bizi narahat edir.

Ərazi ağsaqqallar şurasının sədri Əli Əhmədov:

-Mənə bu yaxınlarda Fəxri fərman təqdim etdiniz. Məsləhətinizi verdiniz. Kəndimiz də təsərrüfatla məşğul olanlar çox olub. İndi ləğv olunub.

76 yaşlı qocaman müəllim Nurəli Musayev kəndarası yolların qorunmasına nəzarət etdiyindən, qazın zəif verilməsindən, təzə transformatora ehtiyac olduğundan danışdı. Təqaüdçü Qasımov Tapdıq qayınanasının qaz xəttinin bərpası ilə əlaqədar tədbir görülməsini xahiş etdi.

Macarıstan müharibəsi veteranı Şahüseyn Bağırov:

-Lazım olan vaxtlarda kənd tibb məntəqəsi bağlı olur.

Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi Ehtiram Əlizadə:

-Evim Alvadı ilə Xocavar arasında yerləşir. Orada ağac əkilib. Kanaldan aşıb-daşan su həyətimə daxil olur. Həmin kanalı dərinləşdirmək lazımdır.

R.Hüseynov digər çıxışları da diqqətlə dinləyib, konkret cavablarını bildirdi: –Burada hər qaldırılan problem nəzarətə götürülür. Hansı məsələ mümkünsə, həllini tapacaq. Biz onun üzərində işləyirik.

Qeyd edək ki, istirahət mərkəzində tikinti işlərinin başa çatdırılması, kəndarası yolların və arxların təmizlənməsi, dəyişdirilməsi, Banbaşı və Böyük Xocavar kəndlərində qaz xətlərinin təmir edilməsi və s. qarşıda duran işlərdir.

RİH başçısı bildirdi ki, işığın, qazın, suyun çətinlikləri var. Yoxlanacaq və həllini tapacaq. Ümumiyyətlə, bütün ərazilərdə sadaladığım işlər təzədən qurulacaq. Bələdiyyə seçkilərinin keçiriləcəyi vaxt artıq bəllidir. Dekabrın 23-də keçiriləcək.

Bu işdə birliyimiz vacibdir.

Masallı Rayon İcra Hakimiyyəti başçının ərazi sakinləri ilə keçirdiyi görüş, açıq diskussiya maraqlı keçdi.

–Torpaq əkilməlidir. Əkilməyən torpaqlar geri qaytarılacaq. Dünyanın hər yerində torpağın hər hektarından 6 ton xalis taxıl götürülür – deyə hörmətli başçı bildirdi.

Görüşün sonunda təmirə ehtiyacı olan kənd uşaq bağçasına baxış keçirildi.

Sizin Reklam Yeriniz