Əlaqə Arxiv
news Image
2014.10.31
11:28
| A A A
Yada düşər xatirələr
Məlahətli səs, şirin zəngulələr...

Mərhum xanəndə Kərim Həsənovla ilk həmsöhbət olduğum vaxtdan 35 il ötür. Kərimi üzünü görmədiyim xanəndə, el sənətkarı Seyid Şuşinskiyə bənzədirdim. Bu oxşarlığı Kərimə bildirəndə qürrələnərdi. Kərim özünəməxsus muğam ifaçısı idi, klassik muğamları yaxşı bilirdi. Xalq mahnıları onun ilıq nəfəsində, zəngulələrində gözəl səslənərdi. Məhz qocaman xanəndə Seyid Şuşinski ilə görüş K.Həsənovu bu sənətə möhkəm bağlayıb.

1946-cı ildə Seyid əmi el toyunda oxumaq üçün Şıxlar kəndinə dəvət alır. Masallı rayonunun Şıxlar kəndindındə kənd adamları ondan xahiş edir ki, bir cavanın da səsinə qulaq assın. Qayğıkeş Seyid əmi bu təkliflə razılaşır. Ustad qarşısında nizami əsgər kimi dayanan oğlan "Çahargah" oxuyur. Oğlanın ifası Seyid Şuşinskini sevindirir. Xoş təbəssümlə bu gənci süzür və deyir: "Səndən gözəl sənətkar çıxacaq!..."

Seyidin sözləri Kərimi sevindirir. Zarafat deyil, arzusuna qovuşmaq üçün yolunda yaşıl işıq yandıran bir şəxsiyyət tapılmışdı. Bir az keçəcək Kərimi musiqisevərlər auditoriyası daha yaxından tanıyacaq...

Kərim Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur. Muğama böyük marağı onu Z.Adıgözəlov, X.Şuşinski kimi şəxsiyyətlərlə tanış edir və onların sinfində təhsil alır. Amma atası Rzanın Böyük Vətən müharibəsindən qayıtmaması Kərimin arzusunu ürəyində qoyur. O, musiqi məktəbini qurtara bilmir. Ailəyə kömək üçün rayona qayıdır və rayon mədəniyyət evinin üzvü olur. Bu müddətdə Cəlilabad, Lənkəran, Astara və başqa rayonlarda tanınır, toylara dəvət olunur. K.Həsənov klarnetçi İsmayıl Əliyev (Lənkəran) və nağaraçı Sadıqla (Astara) birlikdə çıxış etmişdir.

Gənc Kərim paytaxtla əlaqəni üzmür, şöhrətli müğənnilərlə görüşür. 1956-cı ildə K.Həsənovun Azərbaycan gənclərinin birinci festivalındakı çıxışı uğurlu addımlardan sayılır. Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənovun dediyinə görə, Rəsmiyyə Sadıqova, Əvəz Rəhmətov, Atabala Zaidov və Həbib Müslümovla birgə Kərim müəllim də Fəxri fərman və festivalın döş nişanı ilə təltif olunur. Kərimin repertuarı getdikcə zənginləşir. "Segah"la bərabər "Ay bülbüllər", "Yaşılbaş sona", "Yar bizə qonaq gələcək" təsnif və mahnıları ona uğur qazandırır.

1969-cu ildə Azərbaycan Dövlət Filarmoniyasında solist işləmək üçün müsabiqə keçirilir. K.Həsənov da bu müsabiqədə iştirak edir. Münsiflər heyəti – Xan Şuşinski, Şövkət Ələkbərova, Sürəyya Qacar, rejissor Əsəd Cəfərov Kərimin istedadını "Bayatı-Qacar" təsnifi ilə imtahan edir. O, sınaqdan uğurla çıxır və xalq artisti Şövkət Ələkbərovanın təşəbbüsü ilə filarmoniyaya solist qəbul olunur.

Həmyerlimiz Əbülfət Əliyev, Sara Qədimova, Rahilə Həsənova, Əlibaba Məmmədov və başqa sənətkarlarla şəhər və rayonlarda qastrol səfərlərində olur, ifası alqışlarla qarşılanır. Bir vaxtlar səsi radio dalğalarından, televiziya ekranlarından gələrdi. Oxuduğu muğamlardan bir neçəsi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

İndi Kərim Həsənov aramızda yoxdur. 1991-ci ildə ağır sürən xəstəlikdən sonra vəfat etmiş, doğulduğu Şıxlar kəndində torpağa tapşırılmışdır. Musiqisevərlər mərhum xanəndə Kərim Həsənovu bu gün də xoş duyğularla yad edirlər.

Sizin Reklam Yeriniz