news Image
2012.07.27
14:14
| A A A
Mənzil bazarında satış bumu başlana bilər
Əgər tikinti şirkətləri 20-25 ilədək müddəti təşkil etsələr

Bakının mənzil bazarında maraqlı proseslər özünü göstərməkdədir. Əhalinin mənzilə olan tələbatı artsa da belə, yeni tikilən binalardan mənzil alanların sayı azalıb. Vətəndaşlar daha çox ucuz mənzilləri almağa üstünlük verirlər. Bu da yeni tikilən binalarda mənzillərin qiymətlərinin düşməsinə səbəb olub. Ekspertlər hesab edir ki, mənzil bazarında ucuzlaşma qarşıdakı aylarda da davam edəcək. Lakin bu, hələ də bazarın canlanması üçün iqtisadi zəmin yaratmır.

Bankların kredit faizlərinin yüksək olması, qiymətlərin bahalığı həm vətəndaşları, həm də tikinti şirkətlərini pis vəziyyətdə qoyur.

Hesablamalara görə, paytaxtda illik mənzil tələbatı 2,9 milyon kvadrat metrə yaxındır. O da heç kəsə sirr deyil ki, əhalinin alıcılıq qabiliyyətilə mənzillərin real qiymətləri arasında kəskin fərq var. Belə olan təqdirdə mənzil satışını, yaxud alışını sürətləndirmək üçün maraqlı təkliflər irəli sürülür. Belə təkliflərdən biri də tikinti şirkətlərinin bank olmadan, vətəndaşların mənzilləri sərfəli kredit şərtlərilə satmalarıdır. Daha doğrusu, söhbət mənzillərin faiz tutulmadan və bütöv nağd ödəmə tələb olunmadan uzunmüddətli, məsələn, 20-25 ilədək müddətdə satışından gedir. Qeyd edək ki, hazırda bir sıra tikinti şirkətləri mənzilləri satarkən pulu 3 il gözləyə bilirlər. Yəni mənzilin qiymətinin müəyyən hissəsi ödənilməklə, qalıq hissə 3 il müddətinə ödənilə bilir. Ekspertlər təklif edirlər ki, tikinti şirkətləri bu müddəti bir neçə dəfə artırsınlar. Tikinti şirkəti ilə vətəndaş arasında bağlanan müqaviləyə əsasən mənzilin qiyməti bu zaman qeyd olunduğu kimi 20-25 il müddətinə ödənilir. Bu cür sərfedici şərtlər, əlbəttə ki, həmçinin tikinti sektorunun dirçəlməsinə səbəb ola bilər.

İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, tikinti şirkətlərinin mənzilləri hətta sıfır faiz kreditlə satmaları mümkündür: "Bu, bütün dünyada qəbul olunmuş variantdı. Yəni vətəndaşın mənzilə hər ay ödədiyi pul ümumi dəyərdən çıxılır. Qiymət örtüldükdən sonra avtomatik olaraq mənzil vətəndaşın adına keçir. Bu hər iki tərəf üçün sərfəli olar. Amma bizim tikinti şirkətləri buna getməyə hazır görünmürlər. Tikinti şirkətləri arasında rəqabət, demək olar ki, yoxdur. Şirkətlərin strateji planları da mövcud deyil. Ona görə də, uzağa hesablanmış fəaliyyət növlərinə meyl etmirlər. Mənzillərin bank vasitəsilə və ya birdəfəlik ödəmə yolu ilə satılması daha məqbul hesab edilir".

Ekspertin sözlərinə görə, tikinti şirkətləri yaxın gələcəkdə daha ciddi böhranla üzləşə bilərlər: "Hazırda tikinti şirkətləri mənzil yox, otel, istirahət mərkəzləri tikməyə və dövlətin tikinti layihələrində iştiraka üstünlük verirlər: "Görürlər ki, tikinti bazarında durğunluqdur. Proseslər təklif-tələbə uyğun olaraq getmir. Açığı, mən heç tikinti şirkətlərini qınamıram da. Əvvəlcədən bu işlərin kökü səhv qoyulub. Bu səbəbdən tikinti şirkətlərinin hətta rəhbərləri mənzillərin satışından əldə olunan puldan gəlir götürə bilmirlər. Ona görə də mənzil bazarı yoxdur. Bu mənada tikinti şirkətlərinin mənzilləri daha uzun müddətə faizsiz kreditlə satışı təklif olaraq qalacaq".


R.Qaçayoğlu


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs