Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" xətti üzrə müvəqqəti bağlanmış 5 stansiya yenidən sərnişinlərin istifadəsinə verilib. Metropolitendən Lent.az-a verilən məlumata görə, avqustun 9-u bağlanan "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları bu gün səhər saatlarından etibarən işini normal qaydada davam etdirir.
Verilən məlumata
görə, son günlərdə həmin stansiyaların bağlanması ilə əlaqədar son
stansiya kimi fəaliyyət göstərən "İnşaatçılar"da sıxlıq yaranıb.
Lakin 5 stansiyanın sərnişinlərin metrodan ən az istifadə etdiyi
ayda - avqustda bağlanması ciddi problemlərə yol açmayıb. Bu gün
yuxarıda qeyd edilən stansiyaların açılmasından isə əksər
sərnişinlərin xəbəri olmayıb. Səhər saatlarında həmin stansiyalarda
sərnişinlər seyrək olub.
Qeyd edək ki, "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf
Sxemi" və "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına
dair Dövlət Proqramı"na uyğun olaraq, Bənövşəyi xəttin "Memar
Əcəmi-2" stansiyası 2013-cü ildə istismara verilməlidir. Bu
stansiyanın tikintisi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini
təmin etmək məqsədi ilə 4 gün ərzində 5 stansiyanın işi
dayandırılıb.