news Image
2012.08.17
13:44
| A A A
İslam Partiyasının üzvləri və bir qrup dindar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib
Azərbaycan İslam Partiyası (AİP) və bir qrup dindar Qüds Günü ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd edib.
APA-nın məlumatına görə, səfirliyin yerləşdiyi binaya yaxınlaşmağa cəhd edən aksiya iştirakçılarının qarşısı polis tərəfindən alınıb. Aksiya zamanı AİP-in sədr əvəzi Hacı Elçin Manafov, partiya sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli, Sumqayıt şəhər komitəsinin sədri Vüqar İboyev və daha iki nəfər saxlanılıb. 
Saxlanılan şəxslər Yasamal Rayon Polis İdarəsinə aparılıblar. Aksiyada "Qüdsdən çəkil!", "Qarabağ və Qüds işğal altındadır", "İşğalçı rejimlərə ar olsun", "İsrail, sionizm, Azərbaycandan rədd ol" şüarları səsləndirilib. Aksiyanın qətnaməsinin oxunmasına imkan verilməyib. 
Bu gün AİP üzvləri və bir qrup dindar Şəhidlər Xiyabanında da dinc yürüş keçirib. Aksiya iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Sonda qətnamə oxunub. Qətnamədə İsraildən Fələstin torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin 181, 242, 298, 338, 446 saylı qətnamələrini icra etmək tələb olunub.