news Image
2012.08.21
11:14
| A A A
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Bişkek Sammitinin proqramı və qəbul olunacaq sənədlər açıqlanıb
Avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Sammitinin proqramı açıqlanıb.
APA-nın Qırğızıstan KİV-inə istinadən verdiyi məlumata görə, sammitdə Türkiyə və Qazaxıstanı bu ölkələrin prezidentləri, Azərbaycanı isə baş nazir Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tədbirdən öncə, avqustun 22-də xarici işlər nazirləri Şurasının iclası keçiriləcək. Nazirlər Sammitdə müzakirə olunacaq məsələləri razılaşdıracaqlar. Nazirlərin iclasında Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbaev, Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, TürkPA-nın baş katibi Ramil Həsənov, TÜRKSOY-un birinci katibi Fırat Purtaş, Türkdilli Ölkələr Əməkdaşlıq Şurasının birinci katibi Halil Akıncı, həmçinin Qırğızıstanın müxtəlif qurumlarının rəhbərləri iştirak edəcəklər.
İclaslarda Türkdilli Dövlətlərin İnkişaf Fondunun, Türkdilli Dövlətlərin Universitetlərinin Assosiasiyasının yaradılmasının, Türkdilli Dövlətlərin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq Proqramının layihəsinin, Türk dünyasının Qüruru Mükafatının təsis olunmasının, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının maliyyələşmə qaydaları üzrə razılaşmanın, Türk Akademiyasının yaradılması haqqında razılaşmanın, Türk Mədəniyyətinə Dəstək Fondunun yaradılması üzrə razılaşmanın, Şuranın İkinci Sammitinin gündəliyinin layihəsinin və Bişkek Bəyannaməsinin layihəsinin müzakirə olunaraq qəbul ediləcəyi gözlənilir.