Əlaqə Arxiv
news Image
2012.08.27
14:32
| A A A
Mexikonun ən qədim kilsələrindən birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini ayin həsr edilib
Meksikanın paytaxtı mexikonun Tlakskoake-Xocalı meydanının ərazisində fəaliyyət göstərən XVI əsrə aid tarixi Tlakskoake katolik kilsəsində avqustun 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. 

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, meydanın bir ilə yaxın müddətdə davam edən təmir-bərpa işləri və Xocalı soyqırımına həsr edilmiş abidənin açılışından sonra kilsədə avqustun 26-da ilk dəfə bazar günü ibadəti keçirilib. Katolik kilsəsinin təşəbbüsü ilə, ilk dini ayin rəsmi olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib. 

Dini ayin zamanı kilsə rəhbəri Eduardo Lozano öncə Xocalı soyqırımı barədə məlumat verib. O, Azərbaycan xalqının əsasən müsəlman olduğunu, lakin eyni zamanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşdığını qeyd edərək, 20 il öncə Azərbaycana qarşı hərbi təcavüzün baş verdiyini, bunun nəticəsi olaraq, günahsız mülki insanların kütləvi şəkildə qırılması ilə bir soyqırımın törədildiyini söyləyib. Dini və etiqadından asılı olmayaraq, bütün dünyada yaşayan insanların qardaş olduğunu qeyd edən kilsə rəhbəri, Xocalıda baş verən soyqırımın və bu kimi bütün cinayətlərin yolverilməz olduğunu, nəticədə tanrının sülh və ədalət ideyalarının qalib gələcəyinin qaçılmazlığını söyləyib. E. Lazano Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin, əslində ədalət və sülhün simvolu olduğunu və hər zaman bu faciə qurbanlarının Mexiko şəhərinin sakinləri tərəfindən məhəbbətlə anılacağını söyləyib.

Dini ayinin davamı olaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinə və dünyada sülh naminə dualar oxunub. 

Qeyd edək ki, 2012-ci il 22 avqust tarixində Mexiko şəhərinin nüfuzlu Tarixi Mərkəz rayonunda Xocalı soyqırımına həsr edilmiş abidə və Tlakskoake-Xocalı Meydanının rəsmi açılış mərasimi keçirilib.
 
Sizin Reklam Yeriniz