Əlaqə Arxiv
news Image
2012.09.08
08:30
| A A A
Ziya Məmmədov yol-qəza hadisələrinin təhlili üçün işçilərə 15 gün vaxt verib
Bakıda avtobusların sayı sərnişinlərin daşınmasına kifayyət etmir

Nəqliyyat naziri Ziya Məmmədov son vaxtlar baş verən yol-qəza hadisələrinin təhlili ilə bağlı müvafiq qurumların rəhbərlərinə 15 gün vaxt verib.

Bunu SalamNews-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, avqustun 31-də Qaradağ rayonunda baş verən, xeyli sayda insan ölümü və xəsarət alması ilə nəticələnən, eləcə də digər yol-nəqliyyat hadisələrinin təkrarlanmaması üçün nazir tərəfindən Sərnişindaşıma nəqliyyat depatamentinə monitorinqlərin keçirilməsi tapşırılıb, avtobusları sənədsiz, həmçinin sürətlə idarə edən, nəzərdə tutulduğundan daha çox sərnişin daşıyan sürücülərə qarşı sərt tədbirlərin görülməsinin vacibliyi bildirilib.

N.Həsənov vurğulayıb ki, ağır qəzadan bir gün sonra, sentyabrın 1-də Z.Məmmədovun tapşırığı ilə ölkənin nəqliyyat sektorunda təhlükəsizliyin təmin olunmasının vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Ümumiyyətlə, sentyabrın 15-dək bütün hesabatlar nazirə təqdim olunacaq və bu cür hadisələrin təhlilinin nəticələri barədə məlumat veriləcək.

Xatırladaq ki, Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07. 25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 nömrəli sərnişin avtobusu ilə toqquşub. Nəticədə 7 nəfər ölmüş və 47 sərnişin müxtəlif dərəcəli xəsarət almışdı.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, Bakıda avtobusların sayı sərnişinlərin daşınmasına kifayyət etmir. Onun sözlərinə görə, paytaxt Bakıda əhalinin sayı hər gün artmaqdadır və nəticə olaraq xəttə buraxılan avtobusların sayı sərnişin daşınmasına kifayət etmir.

O deyib ki, car ildə Nəqliyyat Nazirliyi tərəfindən 250 ədəd müxtəlif markalı avtobuslar Bakıya gətirilib. Onlardan 200 iri, 50-si isə xırda tutumlu avtobuslardır. Bütövlükdə, avtobuslar paytaxtın müəyyən istiqamətləri üzrə xəttə buraxılıb. Hazırda Bakıda 2800-dən çox iri, orta və xırda tutumlu avtobus sərnişinlərin istifadəsinə verilib. Bakıda 1400-ü iri, 1100-xırda, ətraf qəsəbələrdə isə 310 xırda tutumlu avtobus xəttə buraxılıb. Bakıda 2800 avtobusun xəttə buraxılmasına baxmayaraq, bu, azlıq təşkil edir. Ona görə, gələn ilədək avtobusların sayının artırılması planlaşdırılır.
Sizin Reklam Yeriniz