news Image
2012.09.11
07:42
| A A A
Nazirdən maraqlı etiraf
"Müəllimliyə layiq olmayanları işdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik"

"Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar az saatlar hesabına işə götürülüblər, bu gün biz onları məktəbdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik". Bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Bu gün də məktəbdə müəllimin həlledici sima olduğunu deyən nazirin sözlərinə görə, belə müəllimlərin məktəbdən uzaqlaşdırılması üçün çox ciddi şəkildə iş aparılmasa, təhsili istənilən səviyyəyə qaldırmaq mümkün olmayacaq. "Əgər biz davamlı olaraq ulu öndərin "Təhsil millətimizin gələcəyidir" sözlərini, möhtərəm Prezidentimizin Azərbaycan müəllimlərinin əməyinin yüksək qiymətləndirilməsi sahəsində çoxsaylı fikirlərini xatırlasaq, hər adamı məktəbə müəllim götürə bilmərik", - Mərdanov deyib.

O bildirib ki, məktəbə gedən, müəllim təyinatı alan şəxs həm bacarığı, həm biliyi baxımından seçilmiş olmalıdır. "Əgər müəllim 45 dəqiqə ərzində qan-tər töküb sinifdən çıxmırsa, ona müəllim deməməliyik. Mən Azərbaycanın gələcəyini yalnız və yalnız bunda görürəm. Biz cəmiyyətin təhsilə olan münasibətini dəyişməliyik", - nazir əlavə edib.

Azərbaycanın təhsil naziri bəyan edib ki, orta məktəb müəllimlərinin işə qəbulunda ədalətli seçim aparılır. "Mən şəxsən müəllimlərin işə qəbulu prosesinə qarışmıram. Bu işi müvafiq komissiya və xüsusi proqram həyata keçirir. Müəllimin seçimi ədalətli aparılır".

Nazirin sözlərinə görə, müəllim olmaq istəyən hər kəs sənədlərini təqdim edərək internet vasitəsilə imtahan verib arzu etdiyi yerlərdən birini tuta bilir. Əgər tuta bilməzsə, yenidən hazırlaşmalı və gələn il bir daha imtahan verməlidir. "Bu gün biz məktəbə məbəd kimi baxırıq. Buna görə də məbədə hər bir adamı göndərməyə mənəvi haqqımız yoxdur", - Mərdanov deyib.

Nazirin sözlərinə görə, bu il orta məktəblərdəki vakant yerlərə 16 mindən çox namizəd sənəd verib. Artıq onlardan 3000 nəfərə yaxını işə qəbul olunub. Nazir deyib ki, Azərbaycanın bölgələrdəki orta məktəblərində vakant müəllim yerləri hələ də var.

"Bu problemi bir ilə həll etmək mümkün deyil. Elə adamlar var ki, qəbul olunduqları yerlərə getmədilər. O yerlər onları qane etmədi, ona görə də bir-iki ilin içində bu problemi həll etmək qeyri-mümkündür", - nazir əlavə edib.

Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, yeni tədris ilində Azərbaycanın orta məktəb şagirdlərini, müəllimlərini, valideynlərini çoxsaylı yeniliklər gözləyir. Onun sözlərinə görə, ciddi yeniliklərdən biri bu ildən 5-ci siniflərdə kurrikulumların tətbiq olunmasıdır. Bu istiqamətdə həm təhsilin məzmunu, həm müəllimlərin hazırlanması, həm də dərsliklərin keyfiyyəti baxımından il ərzində çoxlu işlər görülüb.

"Növbəti yeniliklərdən biri kimi İKT-nin təhsildə tətbiqini hesab edirəm. Müəllim və şagirdlərin İKT bacarıqları xeyli yüksəlib. Artıq 1200-dən çox məktəb genişzolaqlı internet şəbəkəsinə qoşulub", - nazir deyib.

O qeyd edib ki, yeniliklərdən ən vacibi bu il Azərbaycanda məktəb tikintisi və təchizatı məsələsinin prioritet olması ilə əlaqədar olub. Nazir deyib ki, bu il Azərbaycanda 160-dan çox yeni məktəb binası tikilərək istifadəyə verilib. Mərdanov ötən tədris ilinin nəticələrini də yüksək qiymətləndirib.

O bildirib ki, ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Onun sözlərinə görə, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan işçilərin 2 faizinin əmək fəaliyyətini davam etdirməsinə icazə verir. Nazir bu qərarın çox humanist addım olduğunu da deyib.

Mərdanov əlavə edib ki, əsas məqsədləri yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır.

"Hesab edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək lazımdır. Əgər bu insan hazırda Azərbaycan millətinə ləyaqətlə xidmət edirsə, onu işdə saxlamaq lazımdır", - nazir qeyd edib.

Nazir bildirib ki, Azərbaycanın bölgələrində yerləşən orta məktəblərdə müəllim çatışmazlığı problemini həll etmək üçün 10 ilə yaxındır ki, xüsusi dövlət proqramı həyata keçirilir.

Misir Mərdanov deyib ki, proqramın həyata keçirilməsi nəticəsində bu problemi demək olar ki, həll edə biliblər: "Ancaq yalnız bu istiqamətdə iş aparmaqla problemi həll etmək olmaz. Təhsil sistemində mütləq rasionallaşdırma tədbirləri aparılmalıdır. Mən bu yaxınlarda Qusar və İsmayıllıda konfransda iştirak etdim. Bəlli oldu ki, həmin rayonlarda, eləcə də digər ucqar rayonlarda 9 şagirdi olan 9 illik orta məktəblər var. Belə məktəblərin sayı çoxdur. Belə şəraitdə, əlbəttə ki, müəllim təminatı problemi heç vaxt həll olunmayacaq. Rasionallaşdırma məsələsi ilə ciddi məşğul olmaq lazımdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs