Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş tanınmış amerikalı astronavt Çarlz Dyuk və isveçrəli astronavt Klod Nikolyenin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
O qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırılmadan Ermənistan
tərəfindən işğal edilmiş ərazilərimizə səfərlə bağlı dövlətin
mövqeyi prinsipial olaraq dəyişməz qalır: "Azərbaycanın işğal
olunmuş ərazilərinə istənilən səfər qanunsuzdur. Belə səfər etmiş
adamların adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin
məlumatına görə, Çarlz Dyuk və Klod Nikolye sentyabrın 16-da
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində
keçirilmiş "İnsan və kosmos" konfransında iştirak ediblər. Çarlz
Dyuk Aya beşinci dəfə insan aparan "Apollon-16" ekspedisiyasının
tərkibində olub. O aya ayaq basmış ən gənc astronavtdır. Klod
Nikloye isə kosmosa çıxmış və dörd dəfə kosmik uçuş həyata keçirmiş
yeganə isveçrəlidir.