news Image
2012.09.28
17:21
| A A A
MTN narkotacirləri yaxaladı
Saxlanılan cinayətkar dəstələrdən 40 kq narkotik götürülüb

Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Federal Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşları - Babayev Əliheydər Mirzəhüseyn oğlu və Cəfərov Yavər Qəzənfər oğlu Tümen şəhərində saxlanılıb. Sonuncunun idarə etdiyi avtomobildən 25 kiloqram 500 qram həşiş aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Əliyev Seyran Cəbrayıl oğlu, Əliyev Eldar Söhbət oğlu, Ağayev Ağa Rafiq oğlu, Məmmədova Humay Qəribəli qızı və Əsədova Göyçək Şirəli qızı saxlanılıblar. Müəyyən edilib ki, Seyran Əliyev, Eldar Əliyev, Ağa Ağayev, Humay Məmmədova və Göyçək Əsədova, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram və Behbud adlı vətəndaşları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İran istiqamətindən Azərbaycanın Astara rayonunun İstisu kəndinin ərazisinə gətiriblər. Qrupun üzvləri İranda satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 12 kiloqram 128,1 qram həşiş qətranını sonradan sərnişin qatarında qaçaq yolla Rusiya Federasiyasının ərazisinə keçirməyə cəhd edərkən cinayət başında yaxalanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Əliyev Vaqif Firudin oğlu, Əhmədov İlqar Əhməd oğlu, Heydərov Elşad Topuş oğlu və qeyriləri saxlanılıblar. Müəyyən edilib ki, Vaqif Əliyev, İlqar Əhmədov, Elşad Heydərov, habelə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Mehdi adlı vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər. Məlum olub ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Vaqif Əliyev İran İslam Respublikasının Biləsuvar şəhərinə gedərək orada köhnə tanışları Mehdi adlı şəxslə görüşüb və ona külli miqdarda tiryək sifariş edib. Vaqif Əliyev və Mehdi adlı şəxs 6 min 150 ABŞ dolları pul müqabilində narkotik vasitələrin əldə olunaraq Azərbaycan ərazisində qrupun digər üzvlərinə çatdırılması barədə sövdələşiblər. Bir neçə gündən sonra Mehdi adlı şəxs əldə etdiyi narkotik vasitələri İran istiqamətindən qaçaq yolla Azərbaycan ərazisinə keçirərək Cəlilabad rayonunun Şükürlü kəndinin yaxınlığında əvvəlcədən müəyyən edilmiş yerdə gizlədib. Qrupun digər üzvləri həmin yerə gələrək narkotik vasitələri "Mercedes-Benz" markalı avtomaşında gizli daşımaq istəyərkən cinayət başında yaxalanıblar. Hal şahidlərinin iştirakı ilə Elşad Heydərovun idarə etdiyi həmin avtomobilə keçirilmiş baxış zamanı 2 kiloqram 948,8 qram tiryək aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs