Əlaqə Arxiv
news Image
2012.10.02
11:32
| A A A
Azərbaycanın Xocavənd rayonunun ermənilər tərəfindən işğalından 20 il keçir
Azərbaycanın Xocavənd rayonunun Ermənistan tərəfindən işğalından 20 il ötür.

Movqe.az xəbər verir ki, sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var. Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.

Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.

Qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları və s. var. Rayonun Qarakənd kəndində Azərbaycanın "Qırmızı kitab"ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.
 
Sizin Reklam Yeriniz