news Image
2012.10.11
10:25
| A A A
Millət vəkili Fazil Mustafa Elşad Abdullayevlə görüşüb
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa Strasburqda keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə görüşüb.

Bu barədə APA-ya məlumat verən F.Mustafa bildirib ki, görüş AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Fransaya səfəri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, görüş E. Abdullayevin xahişi ilə baş tutub və onun qaldırdığı məsələlərin, tələblərinin, hazırkı fəaliyyətinin müzakirəsinə həsr olunub: "Mənə də müraciət etdi ki, ona bu məsələlərdə kömək edim. Mən də bildirdim ki, hüquq-mühafizə orqanlarına birbaşa özü müraciət edib və video görüntüləri çatdırıb. Öz hüquqlarını bizdən yaxşı bilir və hüquqşünas kimi davam etdirə bilər. Onun istəyi daha çox qardaşının işinin araşdırılması və verilən pulların qaytarılmasıdır. Onda notariat qaydasında təsdiq olunmuş və kimə nə qədər vəsait verməsinə dair sənədlərin olduğunu söylədi".

F. Mustafa qeyd edib ki, E. Abdullayev BDU-nun hüquq fakültəsində onun müəllimi olub: "O, hüquq sahəsini normal bilən adamdır, ona görə də hansısa hüquqi məsləhətə ehtiyacının olduğunu da düşünmürəm. Hesab edirəm ki, belə faktlarla işləməsi də onun hüquqşünaslığından irəli gəlir".

Millət vəkili sabiq rektorun Avropadan sığınacaq aldığını söyləyib: "Özünün dediyinə görə, əvvəl Strasburqda yerləşmə izni verilib. Sonra həyatına təhlükə olduğunu deyib və Parisə köçürülüb. Amma bizimlə Strasburqda görüşdü. Dediyinə görə, Avropa Şurası səviyyəsində ona dəstəklər var. İki fransız vəkili var və orada kulislərdə fəaliyyət göstərirlər. Yenə deyirəm, iki tələbinin olduğunu bildirdi. Birincisi, qardaşının taleyinə aydınlıq gətirilməsi, ikincisi isə notarial qaydada verdiyi vəsaitlərin geri qaytarılmasıdır. Burada söhbət təkcə deputat olması üçün verdiyini iddia etdiyi vəsaitdən getmir. Özünün iddia etdiyinə görə, notarial qaydada daha 3 milyon dollar verib. Dediyinə görə, bəzi şəxslərlə itkin düşən qardaşının tapılması ilə bağlı da söhbətləri olub. Hər halda, bunlar iddiadır. O dedi ki, onda bu istiqamətdə sensasiya yarada biləcək başqa sənədlər də var, bu sənədləri də vaxtaşırı açıqlamağı düşünür". 

Fazil Mustafa qeyd edib ki, millət vəkili kimi ona müraciət edən şəxsi dinləmək borcudur: "Mənim tövsiyəm o oldu ki bu problemin Azərbaycan daxilində çözülməsinə, iddialarının ölkə içində aydınlaşmasına çalışması daha düzgün olardı. Xaricdə Azərbaycanın adının belə qalmaqallarla hallanması ölkənin ümumi mənafelərinə ziddir".