Əlaqə Arxiv
news Image
2012.10.17
13:09
| A A A
“Bir nəfər deputatı olan partiya il ərzində 100 min manatdan artıq dövlət maliyyəsi alacaq”

Siyasi partiyalara dövlət tərəfindən maliyyə yardımının göstərilməsi praktikası Azərbaycanda birinci ildir ki, tətbiq edilir və birinci dəfədir ki, dövlət büdcəsində bununla bağlı vəsait nəzərdə tutulur.

Bunu Gün.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkiliAydın Mirzəzadəparlamentdə təmsil olunan bir sıra partiyaların 2013-cü ildə nəzərdə tutulan dövlət maliyyələşməsi üçün ayrılan vəsaitin azlığı ilə bağlı narazılıqlarını bildirməsinə, o cümlədən, parlamentə düşməyən bəzi partiyaların bu prosesdən kənarda qalması məsələsinə münasibətini dilə gətirərkən qeyd edib.

Millət vəkili hesab edir ki, partiyaların dövlət maliyyələşməsi praktikası artıq neçə illərdir Avropanın qabaqcıl ölkələrində tətbiq olunur və bu baxımdan, bu məsələ Azərbaycanda da özünü doğruldacaq:

"Burada bir məqamı da qeyd etmək istəyirəm ki, dövlət büdcəsindən siyasi partiyalara maliyyə yardımı partiyaların yeganə və əsas maliyyə mənbəyi olmalı deyil. Bu, əslində partiyalara əlavə yardımdır. Partiyaların əsas mənbəyi onların üzvlük haqqından və könüllü ianələrdən olan maliyyə yardımıdır".

A.Mirzəzadə eyni zamanda qeyd edib ki, maliyyə yardımı siyasi partiyaların parlament seçkilərində qazandığı səslərin nisbətinə görə verilir:

"Bu yardım heç də bütün partiyalar arasında bərabər bölünmür və bu gün bəzi partiyaların tələbi sadəcə, seçkilərdə qazanmadıqları səslərə və yaxud da ki, əldə etmədikləri mandatlara görə əlavə yardım istəməsidir.

Ancaq təqribi hesablamalar göstərir ki, parlamentdə bir nəfər deputatı olan partiya bir il ərzində 100 min manatdan artıq vəsait əldə edəcək. Bu isə hər aya 8-9 min manat pul edir ki, bu da həmin partiyalar üçün böyük rəqəmdir".

Millət vəkili daha sonra bildirib ki, bəzi partiyalar da səs toplayıb-toplamamasından asılı olmayaraq, maliyyə yardımı istəyirlər ki, bu, əslində partiyaların maliyyələşmə məzmunundan uzaq bir məsələdir:

"Dünyanın heç bir yerində sadəcə, mövcud olan partiya dövlət tərəfindən maliyyə yardımı almır".

Sizin Reklam Yeriniz