news Image
2012.10.29
12:25
| A A A
Pənah Hüseyn Surət Hüseynova qarşı çıxdı

Sabiq baş nazir və keçmiş Milli Qəhrəman Surət Hüseynov parlamentin spikeri Oqtay Əsədova məktubla müraciət edib.

Məktubda sabiq komandan və keçmiş məhkum vaxtilə layiq görüldüyü, sonradan məhrum edildiyi Milli Qəhrəman fəxri adının bərpa olunmasını xahiş edib.

S.Hüseynov məktubunda dəfələrlə spikerə yazılı, internet vasitəsilə müraciət etməsinə baxmayaraq, ondan nə mənfi, nə də müsbət cavab ala bildiyini qeyd edib.

Buna görə də spikerə açıq məktub vasitəsilə müraciət etməyə məcbur olduğunu yazan S.Hüseynov onu da iddia edib ki, onun şikayətinə, müraciətlərinə baxılmaması Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının pozulması deməkdir:

"Bir daha diqqətinizə çatdırıram ki, Azərbaycanın Milli Qəhrəmanı adı mənə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyim şəxsi igidlik və şücaətə görə verilmişdir. Bu adın qaytarılması uğrunda mübarizənin aparılması mənim hüququm və haqqımdır".

Qeyd edək ki, məktub oktyabrın 17-də imzalanıb və ünvanlarına Qurban bayramı günlərində yetişib.

Keçmiş baş nazirin Milli Qəhrəman statusunun ona yenidən qaytarılması ilə bağlı qaldırdığı iddia digər sabiq baş nazir Pənah Hüseyn tərəfindən narazılıqla qarşılanıb.

P.Hüseyn bununla bağlı mətbuata açıqlamasında S.Hüseynovu hələ hakimiyyətdə olduqları dövrdən-1992-93-cü illərdən Milli Qəhrəman kimi qəbul etmədiyini bildirərək, onun qaldırdığı iddianın əhəmiyyətsiz olduğunu da vurğulayıb:

"Sürət Hüseynova Milli Qəhrəman statusunun verilməsinin mən əvvəldən əleyhinə olmuşam. Bu barədə mənim münasibətim bəllidir.

Heç vaxt onu Milli Qəhrəman hesab etməmişəm və indi də hesab etmirəm. Lakin o belə bir məsələ qaldırıbsa, bu onun öz işidir və mən bunu əhəmiyyətli bir şey də saymıram".

Onu da qeyd edək ki, mərhum Prezident Əbülfəz Elçibəy S.Hüseynova Milli Qəhrəman adını 1992-ci ildə təltif edib.

Eyni zamanda xatırladaq ki, S.Hüseynov isə 1993-cü il 4 iyun qiyamının - Ə.Elçibəy hakimiyyətinin silah yolu ilə devrilməsinin əsas rəhbəri olub.