Əlaqə Arxiv
news Image
2012.04.17
12:31
| A A A
Qrunt sularının Bakı üçün yaratdığı təhlükə böyüyür
Telman Zeynalov: “Mayın sonlarına qədər qrunt sularının qalxması prosesi gedəcək” Zemfira Budaqova: “Hazırda bütün dünyada buz və aysberqlərin əriməsi prosesi getdiyindən qrunt suların qalxması gözləniləndir”


Artıq Azərbaycanda havaların xeyli dərəcədə istiləşdiyi müşahidə olunur. Halbuki, 10 gün bundan öncəyə qədər soyuq hava və yağışlar aram vermirdi. Digər tərəfdən o da məlumdur ki, builki qış çox sərt keçdi. Nəticədə cari ilin yanvar-fevral aylarında normadan artıq yağıntılar qeydə alındı. Havaların istiləşməsi və qarın əriməyə başlaması ilə isə bir sıra ərazilərdə yer sürüşmələri özünü göstərdi.

Bu torpaq sürüşmələri Şamaxı-Ağsu yolunda, ölkənin cənub bölgəsi və Bakının bir sıra ərazilərində daha intensiv olması ilə yadda qaldı. Lakin son bir neçə gün ərzində havalar həm yağmursuz, həm də çox isti keçir. Bununla belə qrunt sularının qalxması da davam edir.  Bu hal özünü Bakının müxtəlif yerlərində, əsasən də Sabunçu rayonunun Maştağa qəsəbəsində göstərir. Maraqlıdır ki, yağışların çoxdan dayanmasına rəğmən qrunt sularının qalxması prosesi niyə davam edir? Belədə görəsən hazırda istilərin güclənməsilə yaranmış vəziyyət nə ilə bağlıdır? Nədən qrunt sularının qalxması, torpaq sürüşmələri hələ də davam edir?

Ekoloq Telman Zeynalovun fikrincə, havaların istiləşməsinə rəğmən qrunt sularının səviyyəsinin qalxması prosesinin davam etməsi dağlardakı qarın əriməsi halının hələ də davam etməsilə bağlıdır: "Bir neçə ay yağan intensiv qar nəticəsində yerə hopan dənəciklərin donması prosesi baş vermişdi. İndi isə onların donu açılır və belədə yuxarı qalxır. İkincisi, dağlarda nə qədər qar əriyirsə qrunt sularının səviyyəsi də o qədər yuxarı qalxacaq. Çünki bu il həddindən artıq miqdarda qar yağıb. Qar əridikcə, istəsək də istəməsək də qrunt sularının səviyyəsinin qalxmasına təsir göstərir. Beləcə düşünürəm ki, mayın sonlarına qədər qrunt sularının qalxması prosesi gedəcək. Amma may ayından sonra suyun səviyyəsi aşağı düşəcək. Çünki iyunda güclü quraqlıqlar gözlənilir. Amma hazırda qrunt sularının qalxmasının hansısa bir təhlükəsi yoxdur. Hazırkı situasiyada drinaj şəbəkələrini vaxtında təmizləsələr qalxan qrunt suları drinajorlar vasitəsilə dənizə axacaq".

Digər bir mütəxəssis Zemfira Budaqova qrunt sularının indi də qalxmaqda davam etməsini gözlənilən sayır: "Hazırda bütün dünya miqyasında buz və aysberqlərin əriməsi prosesi getdiyindən qrunt suların qalxması gözləniləndir. Hələ Xəzər dənizində qrunt sularının qalxması prosesi başlayanda başqa yerlərdə bu hal müşahidə olunmurdu. Xəzər dənizi Yer kürəsinin mərkəzində olduğundan, onun manometri rolunu oynadığından, orada suyun qalxması ilə ardınca bütün kainatda da analoji proseslər baş verir. Eyni zamanda Xəzər dənizində suyun çökməsilə proses özünü dünya miqyasında da göstərməyə başlayır. Fikrimcə, yay ayları ərzində qrunt sularının qalxması prosesi özünü daha qabarıq şəkildə göstərəcək. Xəzər dənizi yeraltı çaylar vasitəsilə okeanlarla əlaqəlidir. Orada qalxırsa, deməli proses özünü Xəzər dənizi vasitəsilə Azərbaycanda da göstərəcəkdir. Xəzərin okeanlarla əlaqəsi olmasaydı, çoxdan daşıb ətrafları suya qərq edərdi". 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz