Əlaqə Arxiv
news Image
2012.11.02
10:57
| A A A
Mehriban Əliyeva: Azərbaycan və Fransa prezidentlərinin görüşü münasibətlərin strateji xarakterini təsdiqlədi

İyirmi il ərzində uğurlu siyasi və iqtisadi islahatlar aparılması nəticəsində bu gün Azərbaycanda çoxpartiyalı demokratik cəmiyyət mövcuddur.

Bunu Parisin məşhur "Salle Pleyel" sarayında Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəriMehriban Əliyevadeyib.

M.Əliyeva qeyd edib ki, bu gün Azərbaycan dünya xəritəsində yerini tutmuş və sürətlə inkişaf edən bir dövlətdir.

"Müstəqillik dövründə Azərbaycan-Fransa əlaqələri hərtərəfli inkişaf etmişdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu ilin sentyabr ayında Azərbaycan və Fransa dövlətləri başçılarının görüşü bir daha bu münasibətlərin strateji xarakterini təsdiqlədi.

Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı".

M.Əliyeva vurğulayıb ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini göstərir.

"Dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır.

Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin tərəfdarıdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli Azərbaycan-Fransa gündəliyində mühüm yer tutur".

Onun sözlərinə görə, eyni zamanda, ölkələrimiz iqtisadi sahədə əməkdaşlıq edir və bu sahədə çox böyük qarşılıqlı maraq vardır.

"Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır və bu gün dörd milyard avroya yaxınlaşır. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ölkəmizdə bu gün 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir. Neft və qaz, kosmik sənaye, nəqliyyat, digər sahələrdə fransız şirkətləri bizimlə əməkdaşlıq edir.

Çox xoşdur ki, Fransanın biznes strukturları Azərbaycana sərmayə qoyur və bir çox iri layihələrdə tərəfdaş kimi iştirak edir. Əminəm ki, bu il başlanan layihələr gələcəkdə ölkələrimizə ikitərəfli fayda gətirəcəkdir.

Əziz dostlar, mən son illər humanitar sahədəki çox səmərəli və geniş əlaqələrdən xüsusi danışmaq istərdim. Son illər Fransanın universitetlərində Azərbaycan dili və tarixi fakültələri açılır, yüzlərlə Azərbaycan tələbəsi Fransanın ali məktəblərində təhsil alır. Ötən il paytaxtımızda – Bakıda yeni fransız məktəbinin tikintisi başlanıb və yaxın gələcəkdə bu, regionun ən böyük fransız məktəbi olacaqdır.

Parisdə mütəmadi şəkildə Azərbaycanın mədəniyyətini təbliğ edən konsertlər, görüşlər, sərgilər keçirilir. Bu il Bakıda "Fransa inciləri" adlı sərgi açılmışdır, Luvr və Orse muzeylərini, Pompidu Mərkəzini, Versal Sarayını, Fransa Dövlət Kitabxanasını və digər mədəniyyət ocaqlarını bəzəyən 400-dən çox eksponat ölkəmizdə təbliğ olundu və bu sərgi çox böyük maraqla qarşılandı.

Azərbaycan dövləti Luvr muzeyinin İslam incəsənəti departamentinin yaradılmasında iştirak etmişdir. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi, digər tarixi abidələrin bərpasında iştirak edir.

Bu günlər Fond tərəfindən hazırlanmış yeni bir layihəyə start verilib. Bu layihə çərçivəsində Fransanın müxtəlif bölgələrində - on şəhərində Azərbaycanın mədəniyyətini tanıdan Azərbaycan günləri keçiriləcəkdir. Bu layihə çox böyük uğurla Reyms və Şampan şəhərlərində başlayıb.
Son il ərzində Azərbaycanın və Fransanın bir neçə şəhəri arasında qardaşlaşma haqqında saziş imzalanıb.

Mən ümidvaram ki, bu gözəl təşəbbüs gələcəkdə davam edəcəkdir. Nəhayət, bu ilin sentyabr ayında Parisdə Azərbaycanın ilk mədəniyyət mərkəzinin binası təntənəli şəkildə açılıb. Təsadüfi deyildir ki, belə bir mərkəz ilk dəfə məhz Parisdə açılıb. Çünki Paris təkcə Fransanın yox, demək olar, bütün dünyanın mədəniyyət paytaxtıdır.

Bir sözlə, bu 20 il ərzində Fransa-Azərbaycan münasibətləri uğurla qurulub və mən ümidvaram ki, gələcək illərdə də qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edəcək".

Sizin Reklam Yeriniz