Əlaqə Arxiv
news Image
2012.11.05
10:19
| A A A
Azərbaycanlılara aid kütləvi məzarlıq məhv ediləcək
Tarixçilər Urmiyadakı məzarlığın soyqırım qurbanlarına aid olduğunu deyirlər İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində məktəb inşası zamanı qazıntılar nəticəsində tapılan kütləvi məzarlıq məhv ediləcək. Qərbi Azərbaycan vilayətinin Mədəni İrs idarəsindən bildirilib ki, bu məzarlığın tarixi əhəmiyyəti yoxdur. Yerli sakinlərin fikrincə isə məktəb binası keçmişdə qəbiristanlıq olan ərazidə inşa edilib. Urmiya sakinləri bildirir ki, bu məzarlıqda "Cilovluq soyqırımı"nən qurbanları olan azərbaycanlılar basdırılıb.

Azərbaycanın İrandakı keçmiş səfiri, tarix elmləri doktoru professor Nəsib Nəsibzadə deyir ki, "Qara sandıq" adlandırılan kütləvi məzarlığın məhv edilməsi bu məsələni ört-basdır etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycan ərazisində 1918-ci illərdə törədilmiş qətliamlardan əvvəl Güney Azərbaycanın Urmiya, Salmos, Xoy şəhərlərində cilovlar, yəni silahlandırılmış nestoriyan, erməni və ruslardan ibarət qruplar yerli əhali olan azərbaycanlılara qarşı qətliamlar törədib. Bu məzarlıq da məhz həmin qətliamın qurbanlarına aiddir. Ordunun silahlanması isə Antanta ölkələri və Rusiya tərəfindən təmin olunub.

"Osmanlı imperatorluğunda yaşayan xristianları silahlandırıb, onları rəsmi hökumətə qarşı qaldırdılar. Güney Azərbaycana gəldilər və burada qətliamlara başladılar. Bu qətliamlar genişmiqyaslı oldu, 200 min insan qırıldı", - deyə Nəsib Nəsibzadə vurğulayıb.

Professor bu tarixi hadisənin İran alimləri tərəfindən yaxşı öyrənildiyini qeyd edib. Nəsib Nəsibzadə hesab edir ki, buna baxmayaraq rəsmi Tehranın bu məsələdən qaçması Urmiya şəhərinin və ətraf bölgənin çox həssas olması, onsuz da narazı olan azərbaycanlıların etirazlarının arta bilməsi ilə bağlıdır. Tarixi əhəmiyyət daşıyan bu məzarlığın qorunmasını vacib sayan tarixçi bu məsələyə alimlərin və ictimai xadimlərin müdaxiləsini zəruri sayır.

Qeyd edək ki, Urmiya şəhəri azərbaycanlıların sıx yaşadığı bölgədir və Urmiya gölünün qurudulmasına etiraz olaraq burada dəfələrlə hökumət əleyhinə aksiyalar keçirilib. Bir sıra tarixi mənbələrdə 1918-ci ilin mart hadisələri zamanı, İranın Qərbi Azərbaycan vilayətinin müxtəlif şəhərlərində 130 min azərbaycanlının qətlə yetirildiyi göstərilir.
Sizin Reklam Yeriniz