Əlaqə Arxiv
news Image
2012.04.20
13:00
| A A A
Azərbaycan Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro köçürüb
Ölkəmiz ISAF əməliyyatlarına töhfə verməyə davam etməkdə qərarlıdır Aprelin 19-da NATO-nun Şimali Atlantika Şurasının ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) töhfə verən dövlətlərin xarici işlər nazirləri ilə iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov toplantıda çıxış edib.
E.Məmmədyarov əvvəlcə Əfqanıstanda qulluq edən və regionda sülh və təhlükəsizliyin təmin olunması naminə həyatlarını itirmiş şəxslərə ehtiramını bildirib. O qeyd edib ki, Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə qardaş Əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə ISAF əməliyyatlarına töhfə verməyə davam etməkdə qərarlıdır: "Biz təhlükəsizliyin, habelə nizam-intizamın təmin edilməsi üçün məsuliyyətin Əfqan hakimiyyətinə ötürülməsini dəstəkləyirik. Əfqanıstan rəhbərliyi və inkişaf etməkdə olan Əfqan potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir. Azərbaycan Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro ayrıldığını elan etdi və həmin məbləğ bu yaxınlarda Fondun hesabına köçürülüb. Bu, bir başlanğıcdır. Biz tam şəkildə inanırıq ki, geniş miqyaslı mülki təlim proqramları da digər bir prioritet sahə olmalıdır. Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq, Azərbaycan müxtəlif institutlar – Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və təlim proqramları həyata keçirir. ANAMA bu yaxınlarda Əfqanıstan məktəblərində istifadə olunması üçün yerli dillərdə mina təhlükəsi barədə nəşrlər hazırlayıb və bu ölkəyə çatdırıb. Bu, xüsusilə Əfqan dostlarımız tərəfindən yüksək qiymətləndirilib".
Yekun olaraq, E.Məmmədyarov Azərbaycanla NATO arasında sıx siyasi dialoq və əsaslı praktik əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir bildirib ki, bunlar NATO-nun başçılıq etdiyi ISAF əməliyyatlarına və Əfqanıstanda sülh və təhlükəsizliyə başlıca töhfə verən amillər olub.
Sizin Reklam Yeriniz