Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıldı
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-İran sərhədində baş vermiş
silahlı insidentlə bağlı məlumat yayıb. Bu barədə Movqe.az-a DSX
mətbuat mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki,
fevral ayının 3-də Azərbaycan-İran dövlət sərhədinin 59 nömrəli
sərhəd nişanı yaxınlığında (Beyləqan rayonu, ikinci Şahsevən kəndi)
3 nəfərdən ibarət cinayətkar qrupun dövlət sərhədini pozması
cəhdinin qarşısı alınıb. Sərhəd pozucuları qayıqla Azərbaycandan
İrana qaçaqmalı apararkən sərhəd naryadı ilə qarşılaşıb. Onlar
sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan
sərhədçilərinə qarşı odlu silahdan istifadə ediblər. Sərhəd
naryadının xəbərdarlıq atəşi nəticəsində qaçaqmalçılar qaçaqmalın
bir hissəsini Azərbaycan ərazisində ataraq qaçdıqda, qayıq aşaraq
Araz çayında batıb. Lakin sərhəd pozucuları İran ərazisinə keçməyə
nail olublar. Hazırda cinayətkar qrup üzvlərinin
müəyyənləşdirilməsi, qayığın və digər maddi sübutların aşkarlanması
istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.