news Image
2012.04.24
21:08
| A A A
Qanunsuz tikililərlə bağlı kompensasiya problemi böyüyür
Nizaməddin Quliyev: «Əgər tikinti işlərinin aparılmasına vaxtilə ARDNŞ icazə veribsə, o zaman kompensasiya ödənilir» Nüsrət İbrahimli: «Kompensasiyanın hansı hallarda verilməsilə bağlı da qanunvericilikdə boşluqlar var»

Son günlər Bakı şəhərində qanunsuz tikililərin sökülməsi gündəmin ən aktual mövzularından birinə çevrilib. Bunun əsas səbəblərindən biri isə Sulutəpədəki neft mədəni ərazilərindəki evləri sökülən vətəndaşların hökumət qurumlarından kompensasiya tələb etmələridir.

Məsələyə münasibət bildirən ekspertlər tərəfindən qeyd olunur ki, torpaqlar vətəndaşlara bələdiyyələr tərəfindən satılıb. Evləri sökənlər ilk növbədə bələdiyyələrlə bağlı ölçü götürməli və kompensasiya məsələsini həll etməlidilər.

Hazırda aparılan müşahidələr göstərir ki, qanunsuz hesab edilən tikililəri sökən qurumlar buna görə vətəndaşlara kompensasiya ödəmək fikrində deyillər. Məsələn, qanunsuz tikililərdən daha çox əziyyət çəkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən qəzetimizə bildirildi ki, qurum kompensasiya ödəməyə hazırdır, amma bir şərtlə. Gərək, bununla bağlı məhkəmənin qərarı olsun.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bizimlə söhbətində bildirdi ki, burada hər bir şikayətə, müraciətə fərdi qaydada baxılır: "Əgər tikinti işlərinin aparılmasına vaxtilə ARDNŞ icazə veribsə, o zaman kompensasiya ödənilir. Yox əgər tikinti işləri özbaşına, qanunsuz aparılıbsa, hansısa kompensasiyanın ödənilməsindən söhbət gedə bilməz. Qanunla bu halda söküntünün bütün xərclərini tikintinin sahibi ödəməlidir. Amma bizdə söküntü xərclərini ARDNŞ özü ödəyir".

ARDNŞ-dən o da bildirildi ki, söküntü zamanı tikilən evlərin tikilmə tarixinə də diqqət yetirilir: "10 il bundan öncəyə qədər tikilən evlər sökülmür. Yalnız son bir neçə ildə qanunsuz, özbaşına tikilən evlər, obyektlər tərəfimizdən sökülür. Söküntü işlərinin qanun müstəvisində aparılmasında maraqlıyıq".

Ekspertlər hesab edir ki, burada qanunsuz tikili anlayışının özünə aydınlıq gətirilməlidir. Çünki ayrı-ayrı ölkələrdə vəziyyət fərqlidir. Əgər mənzilə qaz, işıq, su xətləri çəkilibsə, bələdiyyənin sənədləri varsa, illərlə şəxs həmin mənzildə yaşayıb seçkilərdə və s. dövlət tədbirlərində iştirak edibsə, onun mənzilini qanunsuz tikili hesab etmək olmaz. Dünyada yüzlərlə, minlərlə bununla bağlı xarici təcrübə, oxşar situasiyalar var ki, Avropa İnsan Haqları Məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin sözlərinə görə, qanunsuz tikili Azərbaycan qanunvericiliyində tam əksini tapmayıb: "Qanunsuz tikilinin nə demək olduğu bilinmir. Burada ümumi müddəlar var. Digər tərəfdən kompensasiyanın hansı hallarda verilməsilə bağlı da qanunvericilikdə boşluqlar var. Mənzillər tikilərkən aidiyyəti dövlət qurumlarının mütləq bundan xəbəri olub. Dövlət qurumlarının icazəsi və ya razılığı olmadan daşı-daş üstünə qoymaq olmur. Necə olur ki, insanlar illərlə mənzildə yaşayır və günün birində gəlib evini uçurdurlar. Hətta bunu həyata keçirən hansısa qurum olsa belə, dövlət məsələyə müdaxilə etməlidir. Vətəndaşın yaşayışı, təhlükəsizliyi, insan haqlarının təmin olunması dövlət üçün hər şeydən üstün tutulmalıdır".

Bununla belə N.İbrahimli hesab edir ki, əlində heç bir sənədi olmayan mənzil sahibləri dövlət qurumları ilə qarşıdurmaya getməməlidilər: "Bu halda yaxşı olar ki, mənzil sahibləri özləri vaxtında çıxış yolunu tapsınlar. Evlərini özləri söküb materiallarını satsınlar".

N.İbrahimlinin sözlərinə görə, qanunsuz tikinti dedikdə Mülki Məcəllənin 180-ci maddəsində nəzərdə tutulan məsələlər əsas götürülməlidir: "Dövlətin tikinti aparmaq məqsədləri üçün nəzərdə tutmadığı və ya ayrı-ayrı qurumların balansında olan torpaq sahələrində fərdi yaşayış binaları ucaltmaq olmaz. Və ya müvafiq dövlət qurumlarında icazə almadan tikilən tikinti qanunsuz hesab edilir və o, hər zaman sökülə bilər. Amma burada bir məqam var ki, qanunsuz tikilən binalara, evlərə dövlət qurumları tərəfindən su, işıq, qaz və s. xətlər çəkilir. Artıq bu zaman məhkəmə mübahisəsi başlayır. Avropa Məhkəməsi belə hallarda vətəndaşın xeyrinə qərar çıxarır".

Ekspert sonda onu da əlavə etdi ki, heç kəs kefindən tikinti üçün nəzərdə tutulmayan torpaqlarda ev tikmir: "Vətəndaşın imkanı olsaydı mədən ərazisində ev tikməzdi. Min bir əziyyətlə tikilən qanunsuz ev birdən-birə uçurdulur. Bu halda dövlət humanizm prinsipinə söykənərək vətəndaşlara başqa bir yerdən torpaq ayırmalı və ya onları mənzillə təmin etməlidir. Bu dövlətin vətəndaş qarşısındakı sosial, mənəvi məsuliyyətidir. Hüquq vətəndaşların daha pis vəziyyətdə yaşamasına imkan yaratsa belə, mənəvi məsuliyyət bunun qarşısında sipər olmalıdır".

R. XƏLİLOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs