news Image
2013.02.07
16:20
| A A A
"Daş Yuxular"ı daşa basdılar
Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup üzvü və millət vəkilləri Nizami Cəfərov və Musa Quliyevin iştirakı ilə Əkrəm Əylislinin "Daş Yuxular" əsəri müzakirə olunub. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliynin sədri Seymur Orucov deyib ki, bu əsər xalqımızı aşağıladan bir əsərdir. "Əkrəm Əylisli bəlkə də çoxlarının gözündə qabiliyyətli bir yazıçı kimi tanınıb, lakin Azərbaycan xalqında bu günə qədər bu dərəcədə millətini, dinini, etnik quruluşunu təhqir edən birisi olmayıb", - Orucov deyib. O qeyd edib ki, YAP gəncləri ölkə başçısının Əkrəm Əylislinin xalq yazıçısı və Prezident təqaüdündən məhrum edilməsi haqqında sərəncamını alqışlayır. Millət vəkili Nizami Cəfərov bildirib ki, Əkrəm Əylisli o mükafatları alan zaman heç də hamı bunun tərəfdarı olmayıb. "Əkrəm Əylisli haqqında daim siyasi məzmunlu belə bir fikir olub ki, "bu adam bu gün bir cür danışır, sabah başqa cür danışır". Gah mükafat alır, gah o mükafatdan imtina edir, gah tərifləyir, gah da pisləyir və sair", - Cəfərov deyib.
Deputat Musa Quliyev isə deyib ki, yazıçının əsərində roman kateqoriyasına uyğunluq azdır. "Bu, siyasi məqsədlərə xidmət edən bir yazı hesab edilir. Burada göstərilir ki, guya azərbaycanlılar Əylis kəndinin timsalında ərazimizdə yaşayan erməniləri qəddarcasına öldürüb və onların evlərində yaşamağa başlayıblar", - Quliyev deyib.
O, əsərin həddindən artıq yalan və iftiradan ibarət olduğunu bildirib.