İlham Əliyev: Azərbaycan növbəti onilliklər ərzində Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək

1 May 2017 14:06 (UTC+04:00)

Azərbaycan növbəti onilliklər ərzində Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək.

Movqe.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, “Şahdəniz 2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir:

“Artıq neçə ildir ki, “Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcəkdir.

Bugünkü hadisə dediyim bu dinamikanın məntiqi nəticəsidir. Yenə də qayıdıram 2003-cü ilə. O vaxt demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Bunu da etdik və insan kapitalının əsas mənbəyi təhsildir. Son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb təmir olundu, tikildi. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan yuxarı nəticə ola bilməz”.