Bakıda məktəbdə xeyriyyə tədbiri keçirildi

1 May 2017 12:36 (UTC+04:00)

Azərbaycanda taqədimdən xəstə insanlara əl tutmaq, onlara şəfa tapmaqda yardım etmək ənənəsi formalaşıb. Son illər bu istiqamətdə geniş təşəbbüskarlıqla çıxış edənlər sırasında orta məktəblər xüsusi yer tutur. Bu xüsusda da Bakının Sabunçu rayonunda yerləşən 67 saylı orta məktəb daha fəaldır. Belə ki, sözügedən məktəbdə direktor İradə Bayramovanın təşəbbüsü ilə ağır xəstəlikdən əziyyət çəkən 9 yaşlı Əlibəbir Tahirlinin müalicəsinə yardım məqsədilə xeyriyyə yarmarkası və konserti təşkil olunub. Ölkənin bir sıra tanınmış sənət ustaları da bu xeyriyyə konsertinə təşrif  buyurmuşdular. Tədbirdə Şahin Rəcəbov başda olmaqla Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi də iştirak edib.  

Keçirilən xeyriyyə tədbirilə bağlı Mövqe.az-a açıqlama verən 67 saylı məktəbin direktoru İradə Bayramova belə müqəddəs işi təşkil etməkdən mənəvi zövq aldığını söylədi: “Bu tədbirimiz və habelə cümə günü keçirdiyimiz xeyriyyə yarmarkası balamız Əlibəbirə yardım etmək üçün təşkil olunub. Bu tədbiri öz təşəbbüsümüzlə keçirmişik. Sadəcə olaraq, radio vasitəsilə eşitdik ki, ona əməliyyat olunması üçün kömək lazımdır. Ona görə də məktəbimizin kollektivi Əlibəbir Tahirliyə kömək məqsədilə belə bir xeyriyyə yarmarka və konserti təşkil etmək qərarına gəldi. Xeyriyyə yarmarkasında müəllim, şagird və valideynlərin əl qabiliyyətləri nümayiş etdirildi. Tədbirlə biz istədiyimiz addıma nail olduq. İmkansıza kömək etmək hər bir kəsin müqəddəs borcudur”.

Zülfiyyə Quliyeva